Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı ölkədə Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendum keçirilə biləcəyini bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistanın “Azadlıq Radiosu” məlumat yayıb.
Məlumata görə, iyulun 27-də baş tutan telefon danışığı Ermənistanda iyun ayında keçirilmiş parlament seçkilərindən sonra iki lider arasında ilk təmas olub. Ermənistan hökumətinin açıqlamasına əsasən, Paşinyan Moskvanı Rusiyanın tətbiq etdiyi və Ermənistan məhsullarının idxalına məhdudiyyətlər gətirən tədbirlərlə bağlı addımlar atmağa çağırıb. Baş nazirin sözlərinə görə, bu məhdudiyyətlər ikitərəfli razılaşmalara və Avrasiya İqtisadi İttifaqının qaydalarına ziddir.
Kremlin məlumatına görə, Vladimir Putin Ermənistanın gələcək siyasi kursu ilə bağlı məsələyə mümkün qədər tez aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb. Rusiya lideri bunun üçün ölkədə Aİ-yə üzvlüklə bağlı referendum keçirilməsi və ya Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyün davam etdirilməsi məsələsinin müəyyənləşdirilməsini təklif edib.
Ermənistan hökumətinin mətbuat xidməti isə bildirib ki, Paşinyan referendumun yalnız ölkənin Avropa İttifaqına qoşulmaq üçün rəsmi müraciətindən sonra keçirilə biləcəyini qeyd edib.
Bundan əlavə, Ermənistan mediası Moskvanın parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin qələbəsi münasibətilə onu təbrik etməməsinə diqqət çəkib.
Bizimyol.info






