Bir çox insan 1970–1980-ci illəri həyatın daha sakit, insanların isə özlərini daha xoşbəxt hiss etdiyi dövr kimi xatırlayır. Mütəxəssislərin fikrincə, bunun səbəbi təkcə həmin dövrün ab-havası deyil, həm də psixoloji sağlamlığı dəstəkləyən həyat tərzidir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Your Tango" nəşri müasir dövrdə demək olar ki, unudulmuş, lakin insanların rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcək yeddi vərdişi təhlil edərək yazıb.
- İş və şəxsi həyat arasında sərhədin qorunması
1970–1980-ci illərdə insanlar işi evə gətirmirdilər. İş günü başa çatdıqdan sonra gecə elektron məktubları, korporativ çatlar və ya iş zəngləri olmurdu. Psixoloqlar bildirirlər ki, iş saatlarından sonra bildirişləri söndürmək emosional tükənmənin qarşısını almağın ən vacib yollarından biridir.
- Canlı ünsiyyət və sosial əlaqələr
Həmin dövrdə qonşular bir-birini daha yaxşı tanıyır, həyət və məhəllələrdə ünsiyyət daha sıx olurdu. Bu, insanların özlərini daha az tənha hiss etməsinə və güclü sosial bağların formalaşmasına kömək edirdi. Bu gün isə ünsiyyətin böyük hissəsi rəqəmsal mühitə keçib.
- Açıq havada daha çox vaxt keçirmək
Gəzinti, bağçılıq və ya sadəcə küçədə vaxt keçirmək insanların həyat tempini yavaşlatmasına kömək edirdi. O zaman açıq havada olmaq idman göstəricilərini artırmaq və ya addımları saymaq üçün deyil, dincəlmək məqsədi daşıyırdı.
- Bəzən darıxmağa imkan vermək
Smartfonların olmadığı dövrdə insanlar boş vaxtlarında sadəcə düşünə və ya heç nə etməməyə vaxt ayıra bilirdilər. Mütəxəssislər hesab edirlər ki, bu, beynin dincəlməsinə, yaradıcılığın və təxəyyülün inkişafına müsbət təsir göstərirdi.
- Hobbiləri yalnız zövq üçün seçmək
İnsanlar məşğul olduqları hobbiləri izləyici toplamaq, bəyənmə qazanmaq və ya gəlir əldə etmək üçün deyil, sadəcə həzz almaq məqsədilə seçirdilər. Bu yanaşma əlavə stressdən uzaq qalmağa imkan verirdi.
- Ailə ilə diqqəti yayındırmadan vaxt keçirmək
Axşam yeməkləri zamanı telefon və digər diqqət yayındıran vasitələr olmadığından ailə üzvləri bir-biri ilə daha çox ünsiyyət qurur, bu isə yaxın münasibətləri möhkəmləndirirdi.
- Həmişə əlçatan olmamaq
Mobil telefonların olmaması insanlara şəxsi məkan və rahatlıq hissi verirdi. Hər an əlaqədə olmaq məcburiyyətinin olmaması psixoloji yükü azaldırdı.
Mütəxəssislərin fikrincə, bu sadə vərdişlərin bəzilərini gündəlik həyata qaytarmaq müasir həyatın yüksək tempinə baxmayaraq, stress səviyyəsini azaltmağa və daxili rahatlığı bərpa etməyə kömək edə bilər.
Bizimyol.info






