Konqo Demokratik Respublikasında yüzlərlə insanın ölümünə səbəb olan Ebola virusuna qarşı hazırlanmış yeni nəsil peyvənd ilk dəfə Böyük Britaniyada bir könüllü üzərində sınaqdan keçirilib.
Bizimyol.info xəbər verir ki, Oksford Universitetinin alimləri COVID-19 pandemiyası dövründə istifadə olunan peyvənd texnologiyası əsasında cəmi səkkiz həftə ərzində eksperimental vaksin hazırlayıblar. Klinik tədqiqat çərçivəsində peyvənd ilk dəfə 37 yaşlı britaniyalı könüllü Ed Hanta vurulub.
Yeni peyvənd mövcud vaksinlərin təsirsiz olduğu Bundibuqyo ştamına qarşı hazırlanıb və bu virus növünə qarşı insan üzərində sınaq mərhələsinə keçən ilk layihə hesab olunur. Mütəxəssislər peyvəndin virus ehtiva etmədiyini və iştirakçılar üçün xəstəlik riski yaratmadığını bildirirlər.
Peyvəndin təhlükəsizliyi təsdiqlənərsə, Oksford Universiteti daha genişmiqyaslı sınaqları Uqanda və Konqo Demokratik Respublikasında keçirməyi planlaşdırır.
İndiyədək Ebola epidemiyası zamanı 2 500-dən çox yoluxma qeydə alınıb, 1 000-dən çox insan həyatını itirib. Hindistan Serum İnstitutu isə klinik sınaqlar uğurla başa çatacağı təqdirdə dərhal istifadəyə vermək üçün artıq 600 min doza peyvənd hazırlayıb.
Bizimyol.info






