Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Ukrayna Xəzər dənizində Rusiyanın İranla hərbi yük daşıyan gəmilərini vurub
Zelenski: Ukrayna Xəzər dənizində Rusiyanın İranla hərbi yük daşıyan gəmilərini vurub

Ukrayna Prezidenti Vladimir Zelenski Xəzər dənizində Rusiya gəmilərinə endirilən uzaqmənzilli zərbələrin uğurlu nəticələr verdiyini bildirib. Onun sözlərinə görə, hədəfə alınan gəmilərdən bəziləri İranla hərbi yük daşınmasında istifadə olunub.

Bizimyol.info xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.

“Bu, İrandan hərbi yüklərin daşınmasında istifadə olunan gəmilər və bir hərbi gəmi idi”, – deyə Ukrayna lideri bildirib.

O qeyd edib ki, həmin gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın müxtəlif bölgələrində Ukraynaya qarşı müharibədə istifadə olunan obyektlərə də zərbələr endirib.

Zelenski Kirov vilayətindəki müəssisəyə hücumun həyata keçirildiyini təsdiqləyib. Onun sözlərinə görə, həmin müəssisədən Rusiyanın Ukraynaya zərbələr endirmək üçün istifadə etdiyi vasitələrə komponentlər tədarük olunur və obyekt Ukrayna sərhədindən təxminən 1200 kilometr məsafədə yerləşir.

Ukrayna Prezidenti həmçinin Tyumen şəhərindəki neft emalı zavodunun, Yekaterinburqdakı logistika obyektinin və Rostov-na-Don şəhərindəki yanacaq-sürtkü materialları anbarının vurulduğunu bildirib.

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) bildirib ki, Xəzər dənizində pilotsuz uçuş aparatları vasitəsilə aşağıdakı obyektlər vurulub:

  • “Filanovski” yatağındakı neft hasilatı platforması;
  • beynəlxalq sanksiyalar altında olan və İranla Rusiya arasında hərbi yüklərin daşınmasında istifadə
  • edilən "Port Olya 2" yük gəmisi və "Begey" quru yük gəmisi;
  • 12418 layihəli “Molniya” raket kater.

UTX vurğulayıb ki, Rusiya Ukraynanın cənub limanlarına qarşı hücumlarına və Ukrayna gəmiçiliyini məhdudlaşdırmaq cəhdlərinə cavab alacaq.

“Düşmənin bu hərəkətləri Ukraynanın özünümüdafiə hüququ çərçivəsində UTX tərəfindən qanuni cavablandırılacaq”, – deyə qurumun açıqlamasında bildirilib.

UTX əlavə edib ki, iyulun 25-nə keçən gecə uzaqmənzilli dronlarla Rostov-na-Don şəhərində bir sıra hərbi obyektlərə zərbələr endirilib. Bildirilir ki, Rusiya ordusunun Ukraynaya qarşı istifadə etdiyi S-400 “Triumf” zenit-raket kompleksinin tərkib hissəsi olan 92N6E “Grave Stone” çoxfunksiyalı radiolokasiya stansiyası və onun anten qülləsi zədələnib.

Bundan başqa, “Tor-M2” zenit-raket kompleksi, “Pole-21” radioelektron mübarizə kompleksi və FPV dronlarının saxlandığı iki anbarın vurulduğu qeyd olunub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »