Fransanın keçmiş prezidenti general Şarl de Qollun nəvəsi Pyer de Qoll Emmanuel Makronun nüvə silahı və Avropada “yeni nüvə çəkindirmə yolları və vasitələrinin” yaradılması ilə bağlı fikirlərini dünya sabitliyinə zidd və təhlükəli hesab edib.
Bizimyol.info xəbər verir ki, bunu Fransa Prezidenti (1959–1969-cu illər) general Şarl de Qollun nəvəsi, Xalqlar arasında Sülh və Dostluq Fondunun rəhbəri Pyer de Qoll bildirib.
“Fransa prezidentinin Emmanuel Makronun Fransanın nüvə çəkindirmə imkanlarını digər ölkələrə də yaymaq istəyini son dərəcə təhlükəli, dünya sülhünə və sabitliyinə tamamilə zidd hesab edirəm”, – deyə Pyer de Qoll bildirib.
O vurğulayıb ki, bu yanaşma general Şarl de Qollun düşüncələri ilə də tam ziddiyyət təşkil edir. Onun sözlərinə görə, de Qoll Fransanın suverenliyini qorumaq və müstəqilliyini təmin etmək üçün çalışırdı.
“Nüvə çəkindirmə ümumi istifadəyə verilə biləcək bir vasitə olmamalıdır. Mən hesab edirəm ki, bu, qlobal tarazlıq üçün böyük risk yarada bilər”, – deyə Pyer de Qoll bildirib.
Daha əvvəl Emmanuel Makron Almaniya kansleri Fridrix Mertslə danışıqlarından sonra Parisin Berlinlə “qabaqcıl nüvə çəkindirməsi” sahəsində genişmiqyaslı əməkdaşlığa hazır olduğunu açıqlamışdı.
Fransa liderinin sözlərinə görə, bu hazırlıqların məqsədi Avropa qitəsinin təhlükəsizliyini artırmaq və potensial rəqiblər üçün qeyri-müəyyənlik yaratmaq, bununla da “nüvə çəkindirməsinin yeni yolları və vasitələrini” təmin etməkdir.
Bizimyol.info






