24–25 iyul tarixlərində ölkə üzrə baş vermiş genişmiqyaslı elektrik enerjisi kəsintisi ilə əlaqədar Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sabotaj maddəsi üzrə cinayət işi başladıb.
Bizimyol.info xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı bəyanatda bildirilir ki, ölkə ərazisində dəfələrlə baş vermiş genişmiqyaslı qəza xarakterli elektrik kəsintiləri ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsi (sabotaj) üzrə istintaqa başlanılıb.
Bəyanatda qeyd olunur ki, sözügedən maddə dövlət müəssisəsinin və ya digər mühüm obyektin normal fəaliyyətinə mane olma, yaxud ona zərər vurma və ya onu məhv etmə yolu ilə Gürcüstanın dövlət maraqlarına təhlükə yaratma hallarını nəzərdə tutur.
DTX istintaqın gedişi barədə ictimaiyyəti mərhələli şəkildə məlumatlandıracağını bildirib.
Bildirilir ki, şənbə günü səhər saatlarında Gürcüstanda genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib. Paytaxt Tbilisidə elektrik verilişi dayanıb. Sosial şəbəkələrdəki ictimai məlumat kanallarında Ozurqeti, Poti və Rustavi şəhərlərində də qəza səbəbindən elektrik enerjisinin kəsildiyi bildirilib.
Elektrik kəsintisi nəticəsində su nasosları fəaliyyətini dayandırıb və Tbilisinin bəzi rayonlarında su təchizatı müvəqqəti olaraq dayandırılıb. Şahidlərin sözlərinə görə, paytaxt metrosu və dəmir yolu nəqliyyatı da bir müddət fəaliyyət göstərməyib.
Daha sonra "Gürcüstan Dövlət Elektrik Sistemi" şirkəti ölkə üzrə elektrik enerjisinin verilişinin tam bərpa olunduğunu açıqlayıb.
Qeyd edək ki, iyulun 25-nə keçən gecə də Gürcüstanda analoji genişmiqyaslı elektrik kəsintisi yaşanmış, enerji təchizatının tam bərpası üçün bir neçə saat tələb olunmuşdu.
Bizimyol.info






