Xaricdə jurnalist kimi mühacir həyatı yaşayan Emin Hüseynov və başqaları yenidən gündəmə gəlib.
Bu, Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin başqa bir mühacir bloqer Tural Sadıqlı ilə Berlindəki məlum dialoqundan sonra aktuallaşıb. Prezidentin köməkçisi bloqerə: "Vətənə xəyanət davam edir?!" sualı mediada və sosial şəbəkələrdə geniş yayıldı. "Vətənə xəyanət" ittihamını isbatlamaq üçün bəzi videolar da paylaşılır. Həmin videolarda Tural Sadıqlı 44 günlük Vətən müharibəsinin gedişini və nəticələrini şərh edir, Azərbaycan ordusunun guya Ermənistan ərazisinə keçdiyini bildirir. Bundan başqa o, deyir: "Tanınsa da, tanınmasa da, Artsax Respublikası var" və sair. Bu çıxışlar Ermənistanda Rusiya tərəfindən dəstəklənən, Moskvanın Ermənistanda hakimiyyətə gətirməyə çalışdığı Rusiyapərəst revanşist qüvvələrin narrativləri üzərində qurulub. Bu və bu kimi başqa çıxışlarına görə Prezidentin köməkçisi Hikmət Hacıyev ona demişdi: "Vətənə xəyanət edənlərə yazığım gəlir". Doğrudan da, bir Azərbaycanlı bloqer hətta Ermənistan hökumətinin, Ermənistan cəmiyyətinin hər halda yarıdan çoxunun imtina etdiyi tezislərlə danışırsa, bu, onun necə acınacaqlı bir vəziyyətə düşdüyünü göstərir. Birəbir özü də təcavüzkar olan Rusiyanın və erməni revanşistlərinin sözünü deməklə zavallı duruma düşüb.
Eyni zamanda Emin Hüseynovun xaricdəki erməni lobbi qrupları, diaspor mərkəzləri ilə birlikdə müxtəlif layihələr həyata keçirməsi də xatırlanır. Əslində burda gizli bir şey də yoxdur: Tural Sadıqlının da, Emin Hüseynovun da, başqalarının da müxtəlif vaxtlarda radikal erməni millətçiləri ilə təmasları çoxdan məlumdur.
Bundan başqa Akkord Şirkətlər Qrupunun keçmiş rəhbəri İlqar Hacıyevin xaricdəki bəzi Azərbaycanlıların Vətənə xəyanətini maliyyələşdirməsi də sirr deyil.






