Belçikada NATO-nun qərargahında təcrübə keçən Kanada vətəndaşı, Çin əsilli qadın üçüncü ölkənin xeyrinə casusluqda şübhəli bilinərək həbs olunub.
Bizimyol.info xəbər verir ki, bu barədə Belçika Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, şübhəli şəxs casusluq fəaliyyəti və cinayətkar təşkilata üzvlükdə ittiham olunur. İstintaq çərçivəsində onun yaşadığı evdə və işlədiyi yerdə axtarış aparılıb.
“Şübhəli üçüncü ölkənin xeyrinə casusluq etməkdə və cinayətkar təşkilatın üzvü olmaqda ittiham edilir. Onun evində və iş yerində axtarışlar keçirilib. İyulun 24-də hakim onun barəsində həbs qətimkan tədbiri seçib”, – deyə prokurorluğun açıqlamasında bildirilir.
Prokurorluq qeyd edib ki, saxlanılan qadın NATO-nun Avropadakı Müttəfiq Birləşmiş Qüvvələrinin Ali Baş Komandanlığının (SHAPE) qərargahında təcrübə keçib.
Hazırda hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir. Belçika hüquq-mühafizə orqanları casusluq fəaliyyətinin hansı dövlətin maraqları naminə həyata keçirildiyini hələlik açıqlamayıb.
Bizimyol.info






