Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT Baş katibi: Təşkilat Suriyanın tarixində dönüş nöqtəsində ona dəstək verir
BMT Baş katibi: Təşkilat Suriyanın tarixində dönüş nöqtəsində ona dəstək verir

Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əş-Şaraa BMT-nin Baş katibi Antonio Quterreşi qəbul edib.

Bizimyol.info xəbər verir ki, Suriyanın SANA dövlət agentliyinin yaydığı məlumata görə, görüş Dəməşqdəki Qasyun dağında yerləşən Qəsr əş-Şaab sarayında baş tutub.

Görüşün yekunlarına dair rəsmi açıqlama verilməsə də, Antonio Quterreş "X" sosial şəbəkəsində paylaşım edərək bildirib ki, Dəməşqə səfərinin məqsədi Suriya xalqına həmrəylik nümayiş etdirməkdir.

"BMT Suriyanın tarixində dönüş nöqtəsi olan bu mərhələdə ölkəyə dəstək verir. Beynəlxalq ictimaiyyəti suriyalılara taleyüklü bu dövrdə mümkün olan bütün yardımı göstərməyə çağırıram", – deyə Baş katib vurğulayıb.

Gözlənilir ki, bu səfər Suriyada BMT-nin təhsil, səhiyyə, energetika, su təchizatı, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və rəqəmsal transformasiya sahələrində proqramlarının həyata keçirilməsinə təkan verəcək. Həmin layihələrin müharibədən sonrakı bərpa prosesinə və ölkənin dayanıqlı inkişafına töhfə verməsi nəzərdə tutulur.

Səfər proqramına, həmçinin 1974-cü ildə İsrail və Suriya arasında atəşkəsə nəzarət etmək məqsədilə yaradılmış BMT-nin Ayırma Xəttinə Nəzarət Qüvvələrinin qərargahının yerləşdiyi Əl-Quneytra bölgəsinə səfər də daxildir.

Antonio Quterreş 2009-cu ildən bəri Dəməşqə səfər edən ilk BMT Baş katibidir. Ondan əvvəl Suriyaya səfər edən son BMT Baş katibi Pan Gi Mun olmuşdu.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »