Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ Rusiyanın “kölgə donanması”ndan müsadirə olunan neftin satışına icazə verir
Aİ Rusiyanın “kölgə donanması”ndan müsadirə olunan neftin satışına icazə verir

Avropa İttifaqı (Aİ) üzv dövlətlərə Rusiyanın “kölgə donanması”na məxsus tankerlərdən müsadirə edilən neft və digər yükləri satışa çıxarmağa icazə verəcək.

Bizimyol.info xəbər verir ki, Avropa Komissiyası Moskvaya qarşı qəbul edilən yeni sanksiyalar paketinə bununla bağlı xüsusi müddəa daxil edib. Yeni qayda Aİ ölkələrinə G7-nin tətbiq etdiyi neft qiymət tavanını aşmağa çalışan Rusiya tankerlərindən müsadirə olunan xam nefti və digər yükləri satmaq imkanı verəcək.

Aİ rəsmilərinin sözlərinə görə, son aylarda belə müsadirə halları xeyli artıb. Bildirilir ki, müsadirə edilən yüklərin saxlanılması və taleyi ilə bağlı hüquqi boşluğu aradan qaldırmaq məqsədilə onların satışına icazə verilməsi qərara alınıb.

Yeni mexanizm yalnız nefti deyil, zərurət yaranacağı təqdirdə taxıl kimi digər məhsulları da əhatə edəcək.

Bu addım Brüsselin Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri azaltmaq və Kremlin Ukraynaya qarşı müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq siyasətinin tərkib hissəsi hesab olunur.

Mart ayında Belçika Şimal dənizində Rusiyanın “kölgə donanması”na aid olduğu ehtimal edilən tankeri saxlamışdı. Gəmidə təxminən 330 min barel neft olduğu və yükün bazar dəyərinin 26 milyon dollara qədər qiymətləndirildiyi bildirilirdi.

Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas isə iyulun 20-də Aralıq dənizində Avropanın dəniz təhlükəsizliyi əməkdaşlarının Rusiya ilə əlaqələndirilən "MV South Star" gəmisində bayraq yoxlaması apardığını açıqlayıb.

Onun sözlərinə görə, Rusiyanın “kölgə donanması” vasitəsilə həyata keçirilən hər bir qanunsuz daşınma ölkənin hərbi fəaliyyətinin maliyyələşdirilməsinə xidmət edir və Aİ buna qarşı həm sanksiyalar, həm də dənizdə nəzarət tədbirləri ilə mübarizəni gücləndirir.

İyulun 23-də qəbul edilən son sanksiyalar paketi çərçivəsində Rusiya neftinə tətbiq edilən qiymət tavanı da daha 12 ay müddətinə qüvvədə saxlanılıb. Aİ hesab edir ki, bu məhdudiyyət növbəti bir il ərzində Rusiyanın neft gəlirlərini təxminən 3,5 milyard dollar azaldacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »