ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukraynanı Qara dənizdə üçüncü ölkələrə məxsus gəmilərə və neft infrastrukturuna zərbələr endirməyin yolverilməz olduğu barədə xəbərdar edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri mənbəyə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Vaşinqton Xəzər Boru Kəməri Konsorsiumunu (CPC/KTK) Qazaxıstandan Avropa bazarlarına enerji daşıyıcılarının nəqlində əsas marşrut hesab edir. Bildirilir ki, bu marşrut Rusiya üzərindən həyata keçirilən tədarüklərə alternativ kimi qiymətləndirilir.
Mənbənin sözlərinə görə, ABŞ-ın Chevron şirkətinin baş icraçı direktoru Mayk Virt Ağ ev rəsmiləri ilə görüşündə Ukraynanın hücumları nəticəsində yarana biləcək dolayı zərər məsələsini gündəmə gətirib. Şirkət KTK-da 15 faiz paya malikdir və öz infrastrukturunun təhlükəsizliyində maraqlıdır.
İyul ayında KTK-nın dəniz terminalı yaxınlığında tankerlərə qarşı bir neçə pilotsuz uçuş aparatı ilə hücum qeydə alınıb. Qazaxıstan Xarici İşlər Nazirliyi vurulan zərərin kompensasiyasını tələb edə biləcəyini istisna etməyib. Ölkə hasil etdiyi neftin təxminən 80 faizini məhz KTK vasitəsilə ixrac edir.
Bizimyol.info






