Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Portuqaliyada turistlərə çimərliklərdə balıq tutmaq və futbol oynamaq qadağan edilib
Portuqaliyada turistlərə çimərliklərdə balıq tutmaq və futbol oynamaq qadağan edilib

Portuqaliyada turistlərin çimərliklərdə davranış qaydaları sərtləşdirilib. Yeni qaydaları pozan şəxslər 4 min avroya qədər cərimə oluna bilərlər.

Bizimyol.info xəbər verir ki, "The Sun" nəşrinin məlumatına görə, məhdudiyyətlər ölkənin materik hissəsinə və Madeyra adasına şamil edilir.

Portuqaliya Milli Dəniz Administrasiyasının yeni tələblərinə əsasən, futbol və tennis yalnız bunun üçün ayrılmış xüsusi zonalarda oynana bilər. İstirahət edən turistlərə şəxsi səsucaldıcı və musiqi kolonlarından istifadə etmək də qadağan olunub.

Bundan əlavə, çimərliklərdə çadır qurmaq, tonqal qalamaq və açıq odda yemək bişirmək yasaqlanıb. Balıq tutmağa isə yalnız çimərlik mövsümü başa çatdıqdan sonra icazə verilir.

Yeni qaydalar su idman növlərinə də aiddir. Vindserfinq, kaytserfinq və serfinqlə yalnız xüsusi ayrılmış ərazilərdə məşğul olmaq mümkündür. Hidrosikletlər və digər motorlu su nəqliyyatı vasitələrinin çimərlikdə üzgüçülük üçün nəzərdə tutulan zonalara daxil olması qadağandır. Onlar üçün ayrıca hərəkət dəhlizləri ayrılıb.

Bəzi çimərliklərdə çətirlərin yerləşdirilməsi ilə bağlı da məhdudiyyət tətbiq olunub. Belə ki, çətirlər çimərliyin ümumi sahəsinin 30 faizindən və ya sahil xəttinin 50 faizindən çoxunu tutmamalıdır. Qalan hissə isə ümumi istifadə üçün açıq saxlanılmalıdır.

Cərimələrin məbləği qayda pozuntusunun növündən asılıdır. Səsucaldıcılardan istifadəyə görə 200–4 000 avro, icazəsiz çadır qurmağa və ya qadağan olunmuş yerdə futbol oynamağa görə 30–100 avro, serfinq zonasında üzməyə görə isə 55–550 avro məbləğində cərimə tətbiq oluna bilər.

Yeni qaydalar yalnız okean sahillərinə deyil, daxili su hövzələrinin çimərliklərinə də şamil olunur. Məhdudiyyətlərin tətbiq müddəti isə konkret çimərlikdən asılı olaraq dəyişə bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »