ABŞ Prezidenti Donald Tramp hesab edirmiş ki, Amerika ordusu İrana qarşı hərbi əməliyyatları bir neçə həftə ərzində başa çatdıra biləcək. Lakin hazırda Vaşinqton sonu görünməyən uzunmüddətli münaqişə ilə üz-üzədir.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp yaranmış vəziyyətdən narazıdır. Onun bəzi müşavirləri isə ehtiyat edirlər ki, artıq qiymət artımı, prezidentin reytinqinin aşağı düşməsi və 10-dan çox amerikalı hərbçinin ölümü ilə nəticələnən müharibə Trampın prezidentlik müddətinin əsas gündəminə çevrilərək respublikaçıların Konqresə keçiriləcək aralıq seçkilərindəki mövqeyini daha da zəiflədə bilər.
WSJ yazır ki, Tramp diplomatik həll yoluna əvvəlkindən daha az inanır. Qəzetin həmsöhbətlərindən birinin sözlərinə görə, ABŞ prezidenti "qisas rejiminə keçib" və hesab edir ki, İran yalnız hərbi güc dilini anlayır.
Bununla belə, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və prezidentin kürəkəni Cared Kuşner İranla razılaşmanın hələ də mümkün olduğunu düşünürlər.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalasa da, iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək ölkəyə qarşı genişmiqyaslı zərbələri bərpa edib.
Bizimyol.info






