Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyaları gələn həftə səsverməyə çıxara bilər
ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyaları gələn həftə səsverməyə çıxara bilər

ABŞ Konqresinin Senatı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini artıq gələn həftə səsverməyə çıxara bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Demokratlar Partiyasının nümayəndələri respublikaçı həmkarlarına qanun layihəsinin gələn həftə səsverməyə çıxarılmasına hazır olduqlarını bildiriblər. Sənədə ABŞ Prezidenti Donald Trampın İranla bağlı təklif etdiyi müddəalar da daxil edilib.

Bununla yanaşı, portal qeyd edir ki, Senatda respublikaçı çoxluğun lideri Con Tun və demokrat azlığın lideri Çak Şumer qanun layihəsinin müzakirə və səsvermə tarixləri ilə bağlı razılığa gəlməlidirlər.

Daha əvvəl Con Tun bildirmişdi ki, Senat yay sessiyası başa çatana qədər Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyə bilər. O, həmçinin qanun layihəsinə İranla bağlı müddəaların əlavə olunduğunu təsdiqləyib.

Qanun layihəsinin yenilənmiş variantı iyulun 16-da Senata təqdim edilib. Sənəddə Rusiyanın yüksək siyasi və hərbi rəhbərliyinə, dövlət şirkətlərinə, habelə Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən xarici müəssisələrə qarşı sanksiyaların tətbiqi təklif olunur.

Bundan başqa, Rusiya Mərkəzi Bankı, Sberbank, Qazprombank, eləcə də "Yamal LNG", üç "Arctic LNG" layihəsi və Arktikadakı gələcək enerji layihələrinə qarşı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.

Sənəddə həmçinin Rusiyadan neft və təbii qaz alan beş ən böyük idxalçı ölkəyə, eləcə də Rusiyaya enerji sektorunda Qərb sanksiyalarından yayınmağa kömək etdiyi iddia edilən beş ölkəyə 100 faizlik gömrük rüsumlarının tətbiqi təklif edilir. Bundan əlavə, Rusiyanın "kölgə donanması"na qarşı da sanksiyalar nəzərdə tutulur.

Donald Tramp iyulun 14-də qanun layihəsinin qəbul olunma ehtimalının yüksək olduğunu bildirsə də, Rusiyanın əsas ticarət tərəfdaşları, o cümlədən Hindistan və Çinə qarşı mümkün ikinci dərəcəli sanksiyalarla bağlı müddəaların onunla müzakirə edilmədiyini və bu məsələnin hələ nəzərdən keçirilməli olduğunu vurğulayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »