Futbol üzrə avrokuboklardakı təmsilçilərimizin hamısı mübarizəni davam etdirir. Çərşənbə axşamı “Sabah” Finlandiyadan olan rəqibini məğlub etməklə azarkeşlərə ümid vermişdi. Amma son iki gündə uğursuzluq zolağına düşmüşük. Başqa təmsilçilərimizdən biri heç-heçə oynayıb, ikisi isə uduzub.
Bizimyol.info xəbər verir ki, “Neftçi”nin ardınca “Zirə” də məğlubiyyət dadıb. Flaqman öz meydanında Minsk “Dinamo”suna məğlub olmuşdu. “Zirə” Estoniyada “Paide” ilə bacarmayıb. Oyun estonların 1:0 hesabı qələbəsi ilə başa çatıb. Yalnız “Qarabağ” heç-heçə oynayıb. Amma bu da uğursuzluqdur. Çünki Ağdam komandası Bakıda Bolqarıstan SSKA-sını uda bilməyib (0:0).
“Neftçi” Avropa Liqasındakı oyuna yaxşı başlamışdı, ilk səkkiz dəqiqədə iki qol vurmuşdu. Lakin sonradan sanki futbolçuların əl-qolunu bağladılar. Bakı klubunun oyunçuları meydanda çox aciz görünməyə başladılar. Elə bil bu qarşılaşmaya bir oyun keçirəndən sonra çıxmışdılar. Nəticədə Minsk “Dinamo”su ardıcıl dörd qol vura bildi.
“Neftçi”nin yenə mərhələ adlamaq şansı qalıb. O mənada ki, Belarus klubları “ev” oyunlarını başqa ölkələrdə keçirirlər. “Dinamo” bunun üçün Macarıstanı seçib. Oyun bir növ neytral meydanda baş tutacaq. İki top fərqi ilə qələbə mümkündür.
“Zirə”nin püşkdə bəxti başqa klublarımıza nisbətən daha çox gətirmişdi. “Paide” Estoniyada çempionluq uğrunda mübarizə apara bilmir. Bu klubun Konfrans Liqasında uzağa gedəcəyi gözlənilmir. Amma “Zirə” gözlənilmədən uduzmağı bacardı.
“Qarabağ” əvvəlki qədər qüdrətli görünmür. Yeni oyunçular ümumi ansambla uymur. Yalnız müdafiədə Bensi Varkonyini yaxşı mənada fərqləndirmək olar. Bruno Lanqa ağır təsir bağışlayırdı. Zakaria Savo faydalı ola bilmirdi. Yalnız matça ehtiyat oyunçular skamyasında başlayan Elvin Cəfərquliyevin meydana çıxmasından sonra komandanın oyununda canlanma hiss olunmağa başladı. “Qarabağ”a mərhələ keçmək asan olmayacaq.
İyulun 23-də baş tutan oyunlarda xüsusilə postsovet məkanının təmsilçilərinin qarşılaşması diqqət çəkir. Tbilisi “Dinamo”su mərhələ adlamağa çox yaxındır. Gürcülər öz meydanında SSRİ çempionatlarından bizə çox yaxşı tanış olan başqa bir komanda üzərində inamlı qələbə qazanıb. “Dinamo” “Jalgiris”ı 3:0 hesabı ilə məğlub edib.
Aytən, Bizimyol.info






