Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” 2026-cı il 30 iyun tarixli qanunun tətbiqi ilə bağlı fərman imzalayıb.
Fərmana əsasən, Mənzil Məcəlləsinin 108-1-ci maddəsində nəzərdə tutulan səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti həyata keçirəcək. Həmin maddədə göstərilən orqanın (qurumun) səlahiyyətləri isə Prezidentlə razılaşdırılmaqla Nazirlər Kabinetinə həvalə olunub.
Nazirlər Kabinetinə dörd ay müddətində işğaldan azad edilmiş ərazilərdə yaradılan daimi məskunlaşdırma fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin mənzillərin onların mülkiyyətinə verilməsi qaydasını hazırlamaq və təsdiqləmək tapşırılıb.
Sənədə əsasən, Nazirlər Kabineti yeni qanundan irəli gələn digər məsələləri də həll edəcək.
Bundan əlavə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məcburi köçkün statusunun və bu statusu təsdiq edən vəsiqənin verilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək tapşırılıb. Komitə üç ay müddətində görülən işlər barədə Prezidentə məlumat verməlidir.
Fərmanla həmçinin Mənzil Məcəlləsinin tətbiqi ilə bağlı əvvəlki normativ sənədlərə dəyişikliklər edilib.
Qeyd edək ki, yeni dəyişikliklər işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin mərhələli şəkildə daimi məskunlaşdırılması və onlara verilən yaşayış sahələrinin hüquqi statusunun müəyyənləşdirilməsi məqsədi daşıyır.






