Yaxın Şərqdə hərbi gərginliyin yenidən artacağına dair xəbərlər qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb. Regionda neft infrastrukturunun təhlükə altına düşə biləcəyi ehtimalı investorların risk qiymətləndirməsinə təsir edərək neft qiymətlərini yüksəldib. Analitiklər hesab edirlər ki, geosiyasi risklərin dərinləşməsi enerji bazarlarında volatilliyi daha da artıra bilər.
- Neft qiymətlərinin geosiyasi risklər fonunda sürətlə bahalaşması dünya iqtisadiyyatı üçün hansı nəticələr vəd edir? Bu proses inflyasiya, enerji xərcləri və qlobal iqtisadi artıma necə təsir göstərə bilər?
İqtisadçı Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, geosiyasi risklər nəticəsində neft qiymətlərinin artması qlobal iqtisadiyyat üçün həm qısamüddətli, həm də uzunmüddətli təsirlər yaradır. Belə qarşıdurmalar zamanı ilk növbədə bunun təsiri birjalarda və bazar iştirakçılarının psixoloji gözləntilərində hiss olunur. Əgər hərbi gərginlik uzun müddət davam edərsə və neft tədarükünə real təhlükə yaranarsa, enerji bazarlarında qiymət artımı daha da sürətlənə bilər.
O bildirib ki, neft qiymətlərinin bahalaşması özü ilə birlikdə inflyasiyanı da gətirir. Bu isə istehsal xərcləri və iqtisadi artım üzərində ciddi təzyiq formalaşdırır. İlk növbədə yanacaq və enerji xərcləri artır. Enerji demək olar ki, bütün istehsal və xidmət sahələrinin əsas komponentlərindən biridir. Nəticədə logistika, sənaye, kənd təsərrüfatı, aviasiya və digər sahələrdə maya dəyəri yüksəlir, bu da son məhsul və xidmətlərin qiymətinə ötürülərək inflyasiyanı sürətləndirir.
“Yüksək enerji qiymətləri mərkəzi bankların pul-kredit siyasətini də çətinləşdirir. İnflyasiyanın yüksəlməsi faiz dərəcələrinin yüksək səviyyədə saxlanılmasına və ya artırılmasına səbəb olur. Bahalı kreditlər isə investisiya fəallığını və istehlak xərclərini azaldaraq qlobal iqtisadi artımı zəiflədir. Bu prosesdən ən çox enerji idxalından asılı olan ölkələr zərər görür. Belə dövlətlərin ticarət balansı pisləşir, büdcə xərcləri artır və milli valyutaları əlavə təzyiqlərlə üzləşir. Əksinə, neft ixrac edən ölkələr qısamüddətli dövrdə əlavə valyuta gəlirləri əldə edirlər. Lakin qiymətlərin yüksək dəyişkənliyi investisiya qərarlarını çətinləşdirir və bazarda qeyri-müəyyənliyi artırır”-deyə iqtisadçı bildirib.
Onun sözlərinə görə, Azərbaycan üçün vəziyyəti həm müsbət, həm də mənfi tərəfdən qiymətləndirmək lazımdır. Bir tərəfdən yüksək neft qiymətləri dövlət büdcəsinin gəlirlərini, Dövlət Neft Fondunun daxilolmalarını və ixrac gəlirlərini artırır. Digər tərəfdən isə qlobal inflyasiya, idxal olunan məhsulların bahalaşması və beynəlxalq maliyyə bazarlarındakı qeyri-sabitlik ölkə iqtisadiyyatına dolayı təsirlər göstərə bilər.
Asif İbrahimov hesab edir ki, məhz buna görə neft gəlirlərinin artdığı dövrdə fiskal intizamın qorunması, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi daha da vacibdir.
Onun fikrincə, "iqtisadiyyatın şaxələndirilməsi" anlayışı uzun illərdir səslənsə də, hələ də gözlə görünən və ölçülə bilən nəticələr əldə olunmayıb. Halbuki hazırkı mərhələdə dünya iqtisadiyyatı elə bir dövrə daxil olub ki, bu istiqaməti praktikada tətbiq etməkdən başqa alternativ yoxdur.
İqtisadçı sonda əlavə edib ki, hazırda bazarlar neft hasilatının həcmindən daha çox geosiyasi riskləri qiymətləndirirlər. Əgər hərbi qarşıdurma əsas neft marşrutlarını və hasilat infrastrukturunu əhatə edərsə, qiymətlərdə daha kəskin artım baş verə bilər. Əksinə, gərginlik diplomatik yollarla aradan qaldırılarsa, bazarda risk mükafatı azalacaq və neft qiymətlərində tədricən sabitləşmə müşahidə olunacaq. Bu səbəbdən yaxın aylarda enerji bazarlarının əsas hərəkətverici amili iqtisadi göstəricilərdən daha çox geosiyasi hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi olacaq.
İradə Cəlil, Bizimyol.info






