Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
500 manat oğurlayan niyə həbs olunur, milyon mənimsəyən necə azad qalır?
500 manat oğurlayan niyə həbs olunur, milyon mənimsəyən necə azad qalır?

Az məbləğdə oğurluq edən şəxsin oğurladığı pulu geri qaytarmasına baxmayaraq cinayət məsuliyyətinə cəlb edilməsi, əvəzində isə iri məbləğdə mənimsəmə işlərində ziyanın ödənilməsinin bəzən daha yüngül hüquqi nəticələr doğurması cəmiyyətdə tez-tez müzakirə olunur. Bu fərqin qanunvericilikdən, yoxsa məhkəmə təcrübəsindən irəli gəlməsi ilə bağlı müxtəlif suallar yaranır.

  • Az məbləğdə oğurluq və iri məbləğdə mənimsəmə cinayətlərində ziyanın sonradan ödənilməsi Cinayət Məcəlləsinə əsasən məsuliyyətə və cəzanın təyin edilməsinə necə təsir edir? Burada hansı maddələr tətbiq olunur?
  • Oğurluq və mənimsəmə hüquqi baxımdan hansı əsas meyarlarla fərqləndirilir?

Hüquqşünas Ramil Süleymanlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, "oğurluq" və "mənimsəmə" tamamilə fərqli hüquqi anlayışlardır.

O bildirib ki, oğurluq şəxsin əmlakının onun iradəsinin əleyhinə, gizli şəkildə talanmasıdır. Bu zaman əmlak əvvəldən təqsirləndirilən şəxsin sərəncamında olmur. Şəxs nəzarətsiz qalmış əmlakı görərək onu gizli şəkildə götürür. Bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə tənzimlənir.

Hüquqşünas deyib ki, mənimsəmə isə tamamilə fərqli tərkibli cinayətdir. Bu halda əmlak əvvəlcədən şəxsə etibar edilir və həmin şəxs ona göstərilən etimaddan istifadə edərək əmlakı mənimsəyir. Belə hallar əsasən əmək münasibətləri zamanı baş verir. Məsələn, kassirə etibar olunmuş pul vəsaitinin sonradan şəxsi məqsədlər üçün götürülməsi mənimsəmə hesab olunur. Bu zaman Cinayət Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq cinayət işi başlanılır və araşdırma aparılır.

Ramil Süleymanlının sözlərinə görə, mənimsənilmiş əmlakın sonradan geri qaytarılması cinayət məsuliyyətini avtomatik aradan qaldırmır. Lakin bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilə bilər.

O əlavə edib ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət ilk dəfə törədildikdə, həmçinin zərər tam ödənildikdə və zərərçəkmişlə təqsirləndirilən şəxs arasında barışıq əldə olunduqda, məhkəmə həmin şəxsin cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərə ala bilər.

Hüquqşünas vurğulayıb ki, oğurluq, mənimsəmə, dələduzluq və soyğunçuluq mülkiyyət əleyhinə törədilən cinayətlər kateqoriyasına daxildir. Bu cinayətlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin də müvafiq plenum qərarları mövcuddur.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »