Yunanıstanda havanın həddindən artıq istiləşməsi ilə əlaqədar işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə açıq havada görülən işlərə müvəqqəti qadağa tətbiq edilib.
Bizimyol.info xəbər verir ki, Yunanıstanın Əmək və Sosial Təminat Nazirliyinin açıqlamasına görə, bu gün temperaturun kəskin yüksələcəyi gözlənildiyindən Mərkəzi Yunanıstan, Tesaliya, Peloponnes yarımadası və paytaxt Afinanın yerləşdiyi Attika bölgəsində saat 13:00-dan 17:00-dək açıq havada iş aparmaq qadağan olunub.
Məhdudiyyətlər tikinti, gəmiqayırma, kuryer xidməti və digər açıq ərazidə həyata keçirilən işlərə şamil edilir.
Bundan əlavə, sağlamlıq problemi olan ofis işçiləri, yaşlılar və hamilə qadınlar kimi risk qrupuna daxil olan şəxslərə internet üzərindən işləmək imkanı verilib.
Yunanıstan Meteorologiya Xidmətinin məlumatına görə, iyulun 19-dan davam edən isti hava dalğası səbəbindən ölkənin bir sıra bölgələrində temperaturun 40 dərəcəni keçəcəyi gözlənilir. Tesaliyada havanın temperaturunun 43 dərəcəyə çatacağı proqnozlaşdırılır.
Eyni zamanda Krit adası, Peloponnes yarımadası və cənub Egey adaları da daxil olmaqla bir çox ərazidə isti hava ilə yanaşı, səhradan gələn toz kütlələrinin də təsir göstərəcəyi bildirilir.
Bizimyol.info






