Azərbaycan milli mətbuatı 151 illik tarixində təkcə informasiya daşıyıcısı deyil, həm də cəmiyyətin ictimai yaddaşını formalaşdıran mühüm institutlardan birinə çevrilib. Bu yol müxtəlif dövrlərdə fərqli sınaqlardan keçsə də, peşəkar jurnalistika prinsipləri və həqiqətin cəmiyyətə çatdırılması missiyası öz aktuallığını qoruyub. Rəqəmsal medianın sürətlə inkişaf etdiyi müasir dövrdə də jurnalistlərin üzərinə düşən məsuliyyət daha da artıb.
Operativliklə yanaşı, dəqiqlik və obyektivlik əsas meyara çevrilib. Milli Mətbuat Günü münasibətilə müxtəlif sahələrin nümayəndələri Azərbaycan mediasının keçdiyi inkişaf yolunu və onun cəmiyyət üçün əhəmiyyətini dəyərləndirirlər.
Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına bildirib ki, mətbuat Azərbaycan cəmiyyətinin həyatında çox mühüm rola malikdir və ölkədə mətbuatın inkişafı sahəsində həyata keçirilən tədbirlər də təqdirə layiqdir.
Deputatın sözlərinə görə, bu gün "Azad Söz", "Fikir Proqramı", "Qarşılıqlı Anlaşma" cəmiyyətin həyatında baş verən hadisələrin işıqlandırılması, ölkənin gələcək inkişafı üçün çox vacibdir.
“Milli mətbuatımızın yaranmasından keçən 151 il bir daha göstərir ki, Azərbaycan jurnalistləri mətbuat, informasiya sahəsində çalışan hər bir kəs, vətəni sevən insanlar Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələri dünyaya çatdırmaq, insanlara təşviq etmək baxımından çox vacib və dəyərli bir vəzifəni yerinə yetirirlər.
Əlbəttə ki, bu sahədə müəyyən uyğunsuzluqlar ola bilər, ancaq ümumilikdə götürdükdə Azərbaycan mətbuatı çox şərəfli bir yol keçib və bu gün də bu yolu uğurla davam etdirir”-deputat deyib.
Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev Azərbaycan mətbuatının inkişafına çox böyük əhəmiyyət verirdi.
O bildirib ki, Heydər Əliyevin rəhbərliyi dövründə mətbuatda senzura ləğv olundu, jurnalistlərin fəaliyyətinin genişləndirilməsi üçün mətbuatda yaranan bir sıra problemlərin aradan qaldırılması üçün çox ciddi tədbirlər həyata keçirildi və artıq Azərbaycan mətbuatı dünya arenasına çıxmağa başladı.
“Bu gün həmin siyasət, mətbuata qayğı və diqqət, jurnalistlərin fəaliyyətinə verilən dəyər ölkəmizin rəhbəri tərəfindən çox uğurla həyata keçirilir.
Bir çox jurnalistlərə evlər verilib, onlar mükafatlandırılıb. Bu gün jurnalistlərin istər xarici ölkələrə çıxışı, istər ölkədə baş verən hadisələri real faktlarla qiymətləndirilməsi üçün lazım olan bütün şərait yaradılıb”-deyə o vurğualyıb.
Tahir Rzayevin sözlərinə görə, bu səbəbdən də dövlət və cəmiyyət həyatında ən mühüm rol oynayan mətbuat bu gün Azərbaycanın inkişafını, ölkənin beynəlxalq aləmdə qazandığı uğurları, qələbələrimizi, insanların həyatını, problemlərini işıqlandırmaq üçün şərəfli bir rol həyata keçirirlər.
Deputat əlavə edib ki, bu, hər birimiz üçün vacibdir, çünki insanın həyatı, cəmiyyətin inkişafı bizim gələcək uğurlarımıza yol acır: “Mətbuatın daha geniş imkanlara malik olması, onun fəaliyyətinin şaxələndirilməsi ölkənin gələcək tərəqqisi baxımından əhəmiyyətlidir və dövlətin bu sahəyə göstərdiyi qayğı diqqətə layiq hesab edilməlidir”.
İradə Cəlil, Bizimyol.info






