Ukraynaya məxsus "F-16" qırıcısı ilk dəfə hava döyüşündə Rusiya hərbi təyyarəsini vurub.
Bizimyol.info xəbər verir ki, bu barədə iyulun 21-də ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Con Daniel Keyn məlumat verib.
Demokrat senator Riçard Dörbin generaldan soruşub ki, əgər Ukraynanın hava hücumundan müdafiə sistemlərinin maliyyələşdirilməsi üç il müddətinə dayandırılarsa, bunun ölkənin müdafiəsinə hansı təsirləri ola bilər. General Keyn cavabında Ukraynanın müdafiə imkanlarının son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb.
O bildirib ki, Ukraynanın müdafiə sənayesi həm yer-hava, həm də hava-hava sinifli silah sistemləri sahəsində potensialını genişləndirir.
“Bu yaxınlarda ilk hava döyüşü qələbəmizi əldə etdik. Ukraynaya məxsus "F-16" qırıcısı Rusiya hərbi təyyarəsini vurdu”, – deyə general bildirib.
Onun sözlərinə görə, Ukrayna son bir neçə ildə çoxqatlı müdafiə sistemini əhəmiyyətli dərəcədə gücləndirib.
Bundan əvvəl Ukrayna mətbuatı xəbər verib ki, Kursk vilayətindəki “Xalino” hərbi aerodromuna endirilən zərbə nəticəsində "MiQ-29" qırıcısı məhv edilib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, “Qara Meşə” 15-ci Əlahiddə Artilleriya Kəşfiyyatı Briqadasının həyata keçirdiyi əməliyyat zamanı "MiQ-29"la yanaşı, “Pantsir-S1” zenit-raket və artilleriya kompleksi də sıradan çıxarılıb.
Ukrayna Prezidenti Vladimir Zelenski də daha əvvəl Müdafiə Qüvvələrinin Engels aerodromunda Rusiyaya məxsus "Tu-95" bombardmançısını məhv etdiyini açıqlamışdı. Rusiya bu tip təyyarələrdən Ukraynaya raket zərbələri endirmək üçün istifadə edir. Prezidentin sözlərinə görə, məhv edilən təyyarənin yerləşdiyi məntəqə Ukrayna dövlət sərhədindən təxminən 800 kilometr məsafədə olub.
Bizimyol.info






