Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlığın gələcək istiqamətlərini də gündəmə gətirib. Tərəflər ticarət, investisiya və enerji sahələrində əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu fonunda Almaniya ilə tərəfdaşlığın perspektivləri diqqət mərkəzindədir.
- 2025-ci ildə ticarət dövriyyəsində müəyyən azalma müşahidə olunsa da, uzunmüddətli artım tendensiyası qorunur. Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların həcmini artırmaq üçün hansı iqtisadi addımlar prioritet olmalıdır?
Milli Məclisin deputatı Vüqar Bayramov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin əsasını qoyacaq.
Deputat deyib ki, keçirilən görüşlər zamanı imzalanan bəyannamə və birgə şuranın yaradılması ilə bağlı əldə olunan razılıqlar iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə xidmət edəcək. Onun sözlərinə görə, burada əsas məqamlardan biri enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunda əməkdaşlığın gücləndirilməsidir.
“2025-ci ildə Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard dollara yaxın olub. Bu dövriyyənin əhəmiyyətli hissəsini Almaniyadan Azərbaycana ixrac təşkil edir, Azərbaycanın Almaniyaya ixracının isə əsas hissəsi xam neft və neft məhsullarından ibarətdir. Bu göstəricilər Azərbaycan üçün qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsinin vacibliyini bir daha ortaya qoyur”-deyə deputat bildirib.
Onun sözlərinə görə, yeni şuranın yaradılması qeyri-neft sektoruna sərmayələrin cəlb olunmasına əlavə imkanlar açacaq.
Deputat bildirib ki, rəsmi statistikaya əsasən, Almaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 938 milyon dollardır və bunun 94 faizi qeyri-neft-qaz sektoruna yönəldilib. Azərbaycanın Almaniyaya yatırdığı sərmayənin həcmi isə 668 milyon dollardır.
V.Bayramov vurğulayıb ki, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması qarşılıqlı sərmayə qoyuluşlarının artmasına şərait yaradacaq: “ Artıq bu istiqamətdə institusional addımlar atılır və bəyannamənin imzalanması, eləcə də şuranın yaradılması iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, Almaniya investisiyalarının və texnologiyalarının qeyri-neft sektoruna daha geniş cəlb edilməsi üçün sahibkarlar arasında əlaqələrin daha da gücləndirilməsinə ehtiyac var”.
O bildirib ki, strateji əməkdaşlıq biznes subyektlərinin daha sıx işləməsi üçün də əlverişli zəmin yaradır və bu, gələcəkdə Almaniyadan daha çox investisiyanın cəlb olunmasına imkan verə bilər.
V.Bayramovun sözlərinə görə, Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində imzalanan sənədlər deməyə əsas verir ki, 2026-cı ildə iki ölkə arasında həm ticarət dövriyyəsində artım qeydə alınacaq, həm də sərmayə qoyuluşlarında, xüsusilə Almaniyadan investisiyaların cəlb edilməsində irəliləyiş olacaq.
“Əsas məqsəd Almaniyanın Azərbaycanın qeyri-neft sektoruna daha çox sərmayə yatırmasıdır. Onun fikrincə, bu, texnologiya transferinə, yeni iş yerlərinin yaradılmasına və ölkədə yeni iqtisadi dəyərin formalaşmasına mühüm töhfə verəcək”-deyə deputat bildirib.
İradə Cəlil, Bizimyol.info






