ABŞ-ın Florida ştatındakı məhkəmə Prezidenti Donald Trampın BBC-yə qarşı qaldırdığı 10 milyard dollarlıq böhtan iddiası çərçivəsində tələb olunan maliyyə sənədlərini təqdim etməsinə qərar verib.
Bizimyol.info xəbər verir ki, BBC-nin məlumatına görə, qərarı iş üzrə ilk dinləmə zamanı hakim Enjolik Lett qəbul edib. Söhbət Trampın prezidentliyi dövründə aktivlərinin idarə olunması üçün yaradılan "Donald J. Trump Revocable Trust" fondunun sərəncamında olan sənədlərdən gedir.
Məhkəmə həmçinin BBC-nin 2021-ci il yanvarın 6-da Kapitoliyə hücum hadisələri ilə bağlı sənədlərin təqdim olunması barədə ayrıca tələbini də nəzərdən keçirib.
Trampın iddiası BBC-nin “Panorama” proqramında yayımlanan süjetlə bağlıdır. ABŞ Prezidenti hesab edir ki, verilişdə onun 6 yanvar 2021-ci il çıxışından fraqmentlər elə montaj edilib ki, tamaşaçılarda onun Kapitoli hadisələrinə aparan proseslərdəki rolu barədə yanlış təsəvvür yarana bilər.
Hazırda məhkəmə prosesi sübutların açıqlanması mərhələsindədir. Bu mərhələdə tərəflər işə aid sənədləri bir-biri ilə paylaşmalıdır.
BBC-nin vəkilləri bildirib ki, şirkət artıq 87 mindən çox səhifəlik material təqdim edib. Trampın tərəfi isə cəmi 735 səhifə sənəd təqdim edib. BBC nümayəndələri bu sənədləri “formal xarakterli paket” adlandıraraq, əsasən açıq mənbələrdən götürülmüş xəbərlərdən ibarət olduğunu bildiriblər.
Qeyd olunur ki, məhkəmə prosesi 2027-ci il fevralın 15-nə təyin edilib. Tramp iyulun 17-də BBC-nin kommersiya bölməsini iddiasından çıxarmağa razılaşıb, lakin korporasiyadan 10 milyard dollar təzminat tələbini qüvvədə saxlayıb.
Bizimyol.info






