Fransa Avropa İttifaqında (Aİ) 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran ilk ölkə olub.
Bizimyol.info xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Fransa parlamentinin dəstəklədiyi qanun layihəsi "TikTok", "Snapchat" və "Instagram" kimi platformalara şamil ediləcək. Təşəbbüs daha əvvəl ölkə Prezidenti Emmanuel Makron tərəfindən irəli sürülüb.
Qanuna əsasən, qadağa mərhələli şəkildə tətbiq olunacaq. Sentyabrın 1-dən 15 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdə yeni hesablar yaratmaq qadağan ediləcək. 2027-ci ilin yanvarından isə məhdudiyyətlərin artıq mövcud hesablara da şamil olunması nəzərdə tutulur.
Qanunun qüvvəyə minməsi üçün sənəd hələ Fransanın Konstitusiya Şurasında nəzərdən keçirilməlidir.
Qanun layihəsi, həmçinin orta məktəblərdə mobil telefonlardan istifadəyə qadağa qoyulmasını nəzərdə tutur.
Fransanın ictimai səhiyyə üzrə nəzarət qurumu ötən il sosial şəbəkələrdən istifadənin yeniyetmələrin psixoloji vəziyyətinə mənfi təsir göstərə biləcəyini açıqlamışdı. Mütəxəssislərin fikrincə, xüsusilə qız yeniyetmələr bu təsirlərə daha həssasdırlar.
Bizimyol.info






