Nyu-York meri Zöhran Məmdani İsrailin Baş naziri Benyamin Netanyahunun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs orderi əsasında saxlanılması üçün şəhər rəhbərliyinin hüquqi səlahiyyətlərinin olmadığını bildirib.
Bizimyol.info xəbər verir ki, o, "X" sosial şəbəkəsində paylaşdığı videoda deyib ki, Nyu-Yorkun həmin orderi icra etmək səlahiyyəti yoxdur. Bununla yanaşı, Məmdani ABŞ federal hökumətini BCM-yə qoşulmağa və məhkəmənin qərarını icra etməyə çağırıb.
Bundan əvvəl mer Netanyahunun sentyabrda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı onun həbsinin mümkünlüyünün şəhərin hüquq departamenti tərəfindən araşdırıldığını açıqlamışdı. ABŞ Prezidenti Donald Tramp isə buna cavab olaraq Netanyahunun ABŞ-a səfərləri zamanı heç kimin onu saxlaya bilməyəcəyini bəyan edib.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi 2024-cü ilin noyabrında Benyamin Netanyahu və İsrailin sabiq müdafiə naziri Yoav Qalant barəsində Qəzza zolağındakı münaqişə ilə əlaqədar hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbs orderi çıxarıb. İsrail və ABŞ BCM-nin yurisdiksiyasını tanımır.
Bizimyol.info






