Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskini vəzifəsindən azad edib və onun yerinə Mixail Drapatını təyin edib.
Bizimyol.info xəbər verir ki, verilən məlumata görə,qərar Kiyev və ölkənin digər şəhərlərində bir neçə gün davam edən etiraz aksiyalarından sonra qəbul olunub. Etirazçılar Sırskinin istefasını tələb edirdilər.
Zelenski bildirib ki, kadr dəyişikliyi hərbi rəhbərliklə keçirilən bir sıra görüşlərin nəticəsidir. Onun sözlərinə görə, yeni təyinatın əsas məqsədi düşmən üzərində qələbə qazanmaq, cəbhədə Rusiyaya təzyiqi artıracaq şərait yaratmaq və sülhə aparan prosesi yaxınlaşdırmaqdır.
"Bizim ümumi istəyimiz birdir – düşmən üzərində qələbə qazanmaq və cəbhədə Rusiyanı sülhə məcbur edəcək şərait və təzyiq formalaşdırmaq", – deyə Ukrayna Prezidenti vurğulayıb.
Məlumata görə, etirazçılar həmçinin keçmiş müdafiə naziri Mixail Fedorovun yenidən rəhbərliyə qaytarılmasını tələb ediblər. Onlar Fedorovu ordunun modernləşdirilməsinin təşəbbüskarlarından biri hesab edir, Sırskini isə köhnəlmiş sovet idarəetmə sisteminin simvolu adlandırırdılar.
Zelenski Aleksandr Sırskiyə Ukraynanın müdafiəsinə verdiyi töhfəyə görə təşəkkür edib, onun Kiyevin müdafiəsində, eləcə də Xarkov və Kursk vilayətlərində keçirilən əməliyyatlardakı rolunu xüsusi qeyd edib.
Prezident həmçinin Mixail Fedorova ölkənin texnologiya sektoruna nəzarət edəcək yüksək hökumət vəzifəsini təklif etdiyini açıqlayıb. Hələlik Fedorovun bu təklifi qəbul edib-etmədiyi və kadr dəyişikliklərinin etirazların dayanmasına səbəb olub-olmayacağı məlum deyil.
Bizimyol.info






