Tənhalıq insanın psixi sağlamlığına və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərə bilər.
Bizimyol.info xəbər verir ki, bu nəticə "Nature Communications" jurnalında dərc olunan yeni elmi araşdırmada yer alıb.
Tədqiqat çərçivəsində alimlər Böyük Britaniyanın biobankında qeydiyyatda olan yüz minlərlə iştirakçının məlumatlarını, eləcə də genetik tədqiqatların nəticələrini təhlil ediblər. Daha etibarlı nəticələr əldə etmək üçün onlar bir neçə elmi metoddan – uzunmüddətli müşahidələrdən, qohumlar arasında müqayisəli təhlillərdən və genetik məlumatlara əsaslanan analizlərdən istifadə ediblər.
Araşdırma göstərib ki, tənhalıq psixi sağlamlığın və ümumi fiziki vəziyyətin pisləşməsi ilə əlaqəlidir. Tənhalıq yaşayan insanlarda depressiya və təşviş hallarının yaranma ehtimalı daha yüksək olub. Bundan əlavə, onların xoşbəxtlik və həyatdan məmnunluq səviyyəsinin də aşağı olduğu müəyyən edilib.
Alimlər həmçinin tənhalığın ümumi sağlamlığın zəifləməsi və eyni vaxtda bir neçə xəstəliyin yaranma riskinin artması ilə əlaqəli olduğunu aşkar ediblər.
Tədqiqat müəllifləri tənhalıqla sosial təcrid arasında mühüm fərq olduğunu da vurğulayıblar. Onların izahına görə, tənhalıq insanın yaxın münasibətlərə və emosional bağlılığa ehtiyac hiss etməsi ilə bağlı subyektiv duyğudur. Sosial təcrid isə insanın ətrafındakı sosial əlaqələrin sayını ifadə edən obyektiv göstəricidir. Bu iki anlayış bir-biri ilə əlaqəli olsa da, eyni məna daşımır.
Araşdırmanın nəticələrinə əsasən, tənhalığın psixi sağlamlığa təsiri sosial təcridin təsirindən daha güclüdür. Bununla belə, alimlər tənhalığın konkret fiziki xəstəliklərə birbaşa səbəb olduğunu təsdiqləyən kifayət qədər sübut tapa bilməyiblər. Onlar belə bir əlaqənin tamamilə istisna edilə bilməyəcəyini də qeyd ediblər.
Mütəxəssislərin sözlərinə görə, əvvəlki tədqiqatlar da tənhalığı depressiya, narahatlıq və digər sağlamlıq problemləri ilə əlaqələndirirdi. Lakin bu araşdırmanın fərqi ondadır ki, alimlər ailə mühiti, genetik xüsusiyyətlər və əvvəlcədən mövcud olan sağlamlıq problemləri kimi amillərin təsirini ayrıca qiymətləndirərək tənhalığın rolunu daha dəqiq müəyyənləşdirməyə çalışıblar.
Tədqiqat müəllifləri hesab edirlər ki, tənhalıq və sosial təcrid cəmiyyətin sağlamlığı baxımından ciddi problem kimi qiymətləndirilməlidir. Onların fikrincə, vaxtında göstərilən psixoloji dəstək, sosial əlaqələrin qorunması və insanlarla müntəzəm ünsiyyət psixi rifahın yaxşılaşdırılmasında mühüm rol oynayır.
Alimlər vurğulayırlar ki, bəzən dosta yazılan sadə bir mesaj, yaxın insana edilən telefon zəngi və ya əziz insanlarla keçirilən görüş düşündüyümüzdən daha böyük əhəmiyyət daşıya bilər.
Bizimyol.info






