Məlum olduğu kimi, 2 ay öncə İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
Bizimyol.info xəbər verir ki, ölkə başçısı müşavirədə kəndlərdən şəhərlərə axını mənfi meyil kimi qiymətləndirin və şəhərlərdən kəndlərə qayıdışın təşviq edilməli olduğunu bildirib.
Ölkə başçısı deyib ki, bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyldir.
Prezident deyib: “Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın”.
O, həmçinin deyib: “Regional İnkişaf Proqramı çərçivəsində, dediyim kimi, bir neçə proqram qəbul edilib. Məqsədi də bu idi ki, bölgələrdə insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanlarına bölgələrdə şərait yaradılmalıdır. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır”.
- Bəs şəhərdən kəndı axın realdırmı? Kəndə qayıtmağın hansı şərtləri var? Kənd təsərrüfatına verilən güzəştlər, kreditlər qaneedicidirmi?
Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu cür güzəştlərlə, sırf maliyyə dəstəyi ilə inkişaf təmin edilmir: “Lizinq yolu ilə əsas vəsaitlərin güzəştli şərtlərlə verilməsi, subsidiyalar - bunların hamısı aqrar sektorun inkişafına müsbət təsir göstərir. Amma dayanıqlı inkişafı təmin eləmir.
Dədə-babadan qalan bir fikir var: gərək su quyunun özündən çıxsın, quyuya su tökməklə olmur. Biz ayağı olmayana qaçmağı öyrədə bilmərik. Nə qədər ona dəstək versək də, öyrətsək də, gərək özünün bulaq kimi qaynama mənbəyi, inkişafı olsun. Biz, sadəcə, bunun qarşısını açmalıyıq ki, yol çəkək, imkan yaradaq və bu imkanlar vətəndaşa çatsın və s. Yəni bu cür güzəştlərlə, sırf maliyyə dəstəyi ilə inkişaf təmin edilmir. Əgər belə olsaydı, 20 ildir, taxılçılığa subsidiyalar verilir, hər il də verilir, amma Azərbaycanda 2 milyon tondan çox taxıl yığılmır, taxılın keyfiyyəti dəyişmir.
Azərbaycanda hələ də subsidiya başlananda olduğu kimi, öz taxıl tələbatının 55-60 faizini ödəyir. Yenə də taxıl idxaldan asılıdır, yenə də ərzaqlıq buğdanın 75 faizini idxal etməliyik. Nə qədər vəsait xərclənir, amma ortada belə bir dayanıqlı həll yoxdur”.
Xalid Kərimli deyib: “Kiçik fermerlərin kreditlərə çıxışı hələ də məhduddur. Girov tələbləri var. Kənd yerində, rayon yerində girovu da haradan tapıb verəsən? Maliyyələşmə şərtləri çətindir. Ən böyük problemlərdən biri də satış bazarlarına çıxışla bağlıdır. Logistika işlərinin təşkili, suvarma, məhsulun saxlanılması, emal strukturu - bunların hamısı vacibdir. Ölkəyə aqrar-sənaye kompleksi, emal müəssisələri lazımdır ki, fermerdən malı alsınlar.
Tutaq ki, fermerin gavalısını alıb kompot hazırlasınlar, gavalıdan cem düzəltsinlər. Bunun üçün tədarük məntəqələri olmalıdır. Fermer gavalını yetişdirir, sonra məhsulu çölə tökmək məcburiyyətində qalır. Çünki hamısını sata bilmir. Əgər bazarda gavalı, gilas kimi məhsul satmaq istəyirlərsə, bunlar toplanmalı, məhsulu kütləvi şəkildə alan tədarük və satış məntəqələri yaradılmalıdır ki, fermer də bilsin: məhsulunu hara aparacaq, necə satacaq. Bu problem həll olunmasa, elə həmişə də problem davam edəcək”.
Xalid Kərimlinin fikrincə, bunun həlli ağıllı şəkildə qurulmalıdır: “Çünki dövlət resurslarını bu formada küçəyə ata bilmərik. Məsələn, dövlət müəyyən qiymət qoyub taxılı, pambığı alır. Bunları saxlamaq mümkündür - strateji məhsullardır. Amma gavalını alıb nə edəcəyik? Bir həftədən sonra xarab olacaq. Dövlət büdcəsinin vəsaitini bu formada xərcləmək olmaz.
Bu, bir qədər mürəkkəb məsələdir. Tez və sürətli həlli yoxdur. Satış problemi, saxlama problemi, suvarma problemi, daşınma problemi var. Yəni problem problemin dalınca gəlir”.
Xalid Kərimli vurğulayıb ki, insanlar şəhərə köçməyə, miqrasiyaya məcbur olublar: “Biz vaxtilə Zəngilandan gəlmişik. Bizi ermənilər məcbur edib köçürüblər. Amma Masallıdan, Lənkərandan, Ağdaşdan olan dostlarım, tanışlarım var. Hamısı işlədikləri yerdən kifayət qədər gəlirləri olmadığına görə, sabit gəlir əldə edə bilmədiyinə görə, şəhərə köçüblər. Onların torpağını heç kim işğal etməyib, amma hamısı şəhərdədir. İqtisadi amillər onların torpağını işğal edib. Buna görə də şəhərə köçməyə, miqrasiyaya məcbur olublar. Gərək yaxşı gəlirli iş yeri olsun. Amma bu da kifayət etmir. Müasir təhsil mərkəzləri olmalıdır. Tutaq ki, adam övladını institutda oxutmaq istəyir. Məcburdur onu Bakıya göndərsin, hətta Bakıda ev alsın. Tutaq ki, istəyir yaxşı tibbi xidmət alsın, yenə Bakıya gəlməlidir. Pis-yaxşı, paytaxtda tibbi xidmətlər daha əlçatandır. Yaxud istəyir yaxşı yolu olsun, rahat gedib-gəlsin. Adam palçığın içində nə qədər gedib-gələ bilər? Ona görə Bakıya gəlməli olurlar”.
Xalid Kərimli əlavə edib: “Mən Bakının kəndlərinin yollarını sizə deyim. Biabırçılıq, rüsvayçılıqdır. Rayon kəndlərinin yollarını bir kənara qoyaq, elə Bakının özündə vəziyyət ürəkaçan deyil. Şüvəlan, Nardaran, Bilgəh, Mərdəkan, Buzovna, Zağulbanı çıxsaq, qalan yerlərdə - Novxanıda, Goradildə, Corat kəndinin yollarına girəndə adamın ağlamağı gəlir. Camaat nə əziyyət çəkir!Yol infrastrukturu yoxdur. İnternetə çıxışla, internet sürəti ilə bağlı problemlər var. Buna görə camaat Bakıya axır.
Xalid Kazımlının dediklərindən belə qənaət hasil olur: "Kəndlini kəndə bağlamaq üçün kənd təsərrüfatının inkişafı əsas şərtdir: "Bu inkişafa nail olmaq üçün satış məsələsində də fermerlərə kömək etmək lazımdır”.
Günel Həsənova, Bizimyol.info






