Əməkdar artist Ruhəngiz Allahverdiyevanın qırmızı rəngin sağlamlığa, o cümlədən onkoloji xəstəliklərə təsiri ilə bağlı səsləndirdiyi fikirləri birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bir çox istifadəçilər onun bu fikirlərini uydurma adlandırıb.
Əməkdar artist geyim seçimi ilə bağlı ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib.
Bizimyol.info xəbər verir ki, müğənni "Qonaqcanlı" verilişində yaşına görə qırmızı rəngdə geyinməsinin tənqid olunmasına etiraz edib.
"Deyirlər ki, yaşı gör neçədir, amma qırmızı geyinib. Birincisi, qırmızı mənfi enerjini qovur. Dünyada ən ağır xəstəliklərdən biri olan onkoloji xəstəliklə bağlı da belə fikirlər var. Niyə qırmızı geyinməyim? Yaşımın buna nə dəxli var? Mənim yüz yaşım yoxdur, amma yüz yaşım olsa belə, yenə qırmızı geyinərəm.
Əgər bədən quruluşumuz buna imkan verirsə, yəni geyim bizə yaraşırsa, niyə də geyinməyək? Ola bilər ki, kiməsə yaraşmasın. Hamının zövqü eyni deyil. Hər kəs öz zövqünə uyğun geyinir", - deyə, müğənni bildirib. (Musavat.com)
- Qırmızı rəngin onkoloji xəstəliklərə təsiri ilə bağlı belə fikirlər haradan qaynaqlanır?
- Bunun hər hansı elmi sübutu varmı?
Bu barədə Bizimyol.info xəbər portalına danışan dosent, tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, Ümumiyyətlə bildirim ki, son zamanlar onkoloji xəstəliklər həm bütün dünyada, həm də Azərbaycanda çox sürətlə yayılır və cavanlaşır. Təbii ki, o fikirlər tamamilə cəfəngiyyatdır. Qırmızı rəngin və ya hər hansı digər rəngin onkoloji xəstəliklərin yaranmasının qarşısını alması ilə bağlı heç bir elmi sübut yoxdur”.
Fərid Museyibov deyib: “Onkoloji xəstəliklərə yoluxmanın əsas səbəblərindən biri qidalanma faktorudur. Elmi araşdırmalar nəticəsində sübut olunub ki, xəstəliyin 50-60 faizi qidalanma ilə əlaqəlidir. Buraya “fast food”, ultra emal olunmuş qidalar, düzgün həyat tərzinin olmaması və artıq çəki daxildir. Həmçinin cavanlar arasında geniş istifadə olunan tütün və alkoqol məmulatlarından həddindən artıq istifadə də onkoloji xəstəliklərin yaranmasına səbəb olan amillərdən biridir”.
Fərid Museyibov əlavə edib: “Başqa bir səbəb qadınlarda abort sayının çox olması, stress faktorunun olması bu xəstəliklərin yaranmasınnı əsas yaranma səbəblərindən biri hesab olunur. Bütün bu amillərin hamısının elmi əsası, elmi sübutu öz əksini tapıb”.
Günel Həsənova, Bizimyol.info






