Litvanın müdafiə naziri Robertas Kaunasın Rusiyanın növbəti mümkün hədəfləri kimi Baltikyanı ölkələr və Polşanı göstərməsi Avropada təhlükəsizliklə bağlı narahatlıqları yenidən gücləndirib. Bu qiymətləndirmə Rusiyanın son dövrlərdə regiona yönəlik sərt ritorikası və NATO-nun şərq cinahında artan hərbi hazırlıq fonunda xüsusi diqqət çəkir. Mütəxəssislər hesab edirlər ki, belə açıqlamalar Avropada çəkindirmə siyasəti ilə yanaşı, təhlükəsizlik strategiyalarının da yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.
- Rusiyanın Baltikyanı ölkələr və Polşaya yönələ biləcəyi ilə bağlı qiymətləndirmələr NATO-nun şərq cinahında hərbi hazırlığı və Avropanın təhlükəsizlik siyasətini hansı istiqamətdə dəyişə bilər?
Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Litvanın müdafiə nazirinin səsləndirdiyi fikirlər Baltikyanı ölkələrin uzun illərdir ifadə etdiyi təhlükəsizlik narahatlıqlarının davamıdır. Rusiya-Ukrayna müharibəsi fonunda bu narahatlıqlar daha da artıb və NATO-nun şərq cinahında hərbi hazırlığın gücləndirilməsi üçün əlavə əsas yaradıb. Lakin bu cür açıqlamalar Rusiyanın mütləq şəkildə növbəti hədəfinin Baltikyanı ölkələr və ya Polşa olacağı anlamına gəlmir. Bu, daha çox mümkün risk ssenarilərinin nəzərə alınması və qabaqlayıcı tədbirlərin gücləndirilməsi məqsədi daşıyır.
Politoloqun fikrincə, bu qiymətləndirmələr ilk növbədə NATO-nun şərq cinahında çəkindirmə strategiyasını daha da sərtləşdirə bilər. Polşa, Litva, Latviya və Estoniyada daimi hərbi kontingentin artırılması, əlavə hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi, uzaqmənzilli raket imkanlarının genişləndirilməsi, kəşfiyyat və müşahidə imkanlarının artırılması, eləcə də daha intensiv hərbi təlimlərin keçirilməsi ehtimalı yüksəkdir. NATO artıq son illərdə "irəli müdafiə" konsepsiyasından daha çevik və güclü "irəli çəkindirmə" modelinə keçid edir və bu prosesin sürətlənəcəyi gözlənilir.
“Avropa ölkələri müdafiə xərclərini artırmağa davam edəcəklər. Son dövrdə Almaniya, Polşa, Baltikyanı dövlətlər və Skandinaviya ölkələri müdafiə büdcələrini əhəmiyyətli dərəcədə yüksəldiblər. Avropa İttifaqı da müdafiə sənayesinin inkişafı, sursat istehsalının artırılması və hərbi texnologiyalara investisiyaların genişləndirilməsi istiqamətində fəaliyyətini gücləndirəcək”, – deyə o bildirib.
Kremlin yeni eskalasiyada maraqlı olub-olmamasına gəldikdə isə, Anar İsayev vurğulayıb ki, Rusiya rəhbərliyi hərbi və siyasi təzyiq alətlərindən xarici siyasətdə istifadə etməyə davam edir.
Bununla belə, NATO üzvü olan dövlətə birbaşa hücum tamamilə fərqli risk səviyyəsi yaradır. NATO-nun Vaşinqton Müqaviləsinin 5-ci maddəsinə əsasən, belə hücum bütün Alyansa qarşı hücum kimi qiymətləndirilir və bu, Rusiyanı dünyanın ən güclü hərbi blokunun kollektiv cavabı ilə üz-üzə qoya bilər. Məhz buna görə də bir çox analitik yaxın perspektivdə Rusiyanın NATO ölkəsinə genişmiqyaslı hücum ehtimalını aşağı qiymətləndirir.
“Bu, o demək deyil ki, risk yoxdur. Əksinə, hibrid müharibə elementlərinin – kiberhücumlar, dezinformasiya kampaniyaları, GPS siqnallarının pozulması, miqrasiya təzyiqi, sərhəd insidentləri və hərbi təxribatların – artması daha real ssenari hesab olunur. Kreml bu üsullarla həm NATO daxilində siyasi parçalanma yaratmağa, həm də psixoloji təzyiq göstərməyə çalışa bilər”.
Politoloq hesab edir ki, Putinin Ukraynadakı vəziyyəti ört-basdır etmək üçün yeni cəbhə açacağı barədə fikirlərə ehtiyatla yanaşmaq lazımdır. Müharibə hələ də davam edir və cəbhədə vəziyyət dəyişkəndir. Buna görə də Ukraynadakı vəziyyəti birmənalı şəkildə "məğlubiyyət" kimi təqdim etmək düzgün olmaz. Bununla yanaşı, uzunmüddətli müharibənin Rusiyanın iqtisadiyyatına, hərbi resurslarına və canlı qüvvəsinə ciddi yük yaratdığı da faktdır. Belə şəraitdə ikinci genişmiqyaslı cəbhənin açılması Moskva üçün hərbi və siyasi baxımdan son dərəcə riskli qərar olardı.
“Yaxın dövrdə ən real ssenari Rusiyanın NATO ilə birbaşa müharibəyə başlaması deyil, hərbi-siyasi təzyiqin, hibrid əməliyyatların və qarşılıqlı çəkindirmə siyasətinin daha da güclənməsidir. Litvanın müdafiə nazirinin açıqlaması da məhz bu təhlükəsizlik mühitində NATO-nun ayıq-sayıqlığını artırmağa və potensial risklərə qarşı hazırlığı gücləndirməyə yönəlmiş siyasi mesaj kimi qiymətləndirilə bilər. Bununla belə, geosiyasi vəziyyət sürətlə dəyişə bildiyi üçün həm NATO, həm də Rusiya arasında yanlış hesablamalar və ya lokal insidentlərdən qaynaqlanan eskalasiya riski tamamilə istisna edilmir”, – deyə o əlavə edib.
İradə Cəlil, Bizimyol.info






