Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlqar Orucov: "Boş qalan dövlət sifarişli yerlər üçün ehtiyat qəbul sistemi yaradılmalıdır"
İlqar Orucov: "Boş qalan dövlət sifarişli yerlər üçün ehtiyat qəbul sistemi yaradılmalıdır"

Azərbaycanda ötən il müxtəlif səbəblərdən 12 969 tələbə ali və orta ixtisas təhsili müəssisələrindən xaric edilib. Xaricolunmaların əsas səbəbləri təhsil haqqının ödənilməməsi, dərs buraxılması, tələbənin öz istəyi və akademik borclar olub. Statistik göstəricilər tələbələrin təhsildə saxlanılması və dəstək mexanizmlərinin gücləndirilməsinin vacibliyini bir daha gündəmə gətirir.

"Bəzi abituriyentlər universitetə qəbul olsalar da, sonradan təhsil haqqını ödəyə bilmədikləri, təhsillərini davam etdirmədikləri və ya öz istəkləri ilə universitetdən ayrıldıqları üçün həmin yerlər faktiki olaraq boş qalır. Halbuki qəbul mərhələsində həmin yerə görə bal yarışında uduzan başqa bir abituriyent təhsil almaq imkanından məhrum olur və ya növbəti ili gözləməyə, yaxud xaricdə təhsil almağa məcbur qalır. Bu cür itkilərin qarşısını almaq və boş qalan yerlərin daha səmərəli istifadə olunmasını təmin etmək üçün qəbul sistemində hansı dəyişikliklər edilməlidir?"

  • Tələbələrin təhsil müəssisələrindən xaric olunma hallarını azaltmaq üçün universitetlərdə hansı dəstək və nəzarət mexanizmləri tətbiq edilməlidir?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov hesab edir ki, tələbələrin ali və orta ixtisas təhsil müəssisələrindən xaric olunma göstəricilərinin azaldılması və boş qalan plan yerlərinin səmərəli istifadəsi həm sosial, həm də iqtisadi baxımdan strateji əhəmiyyət kəsb edir. Problemin həlli həm qəbul sistemində struktur islahatlarını, həm də universitet daxilində çevik dəstək mexanizmlərinin qurulmasını tələb edir.

İlqar Orucov hesab edir ki, qəbul sistemində struktur dəyişiklikləri və boş yerlərin səmərəli idarə olunması çox önəmlidir. Müsabiqədə uduzan abituriyentlərin hüquqlarını qorumaq və dövlət sifarişli plan yerlərinin boş qalmasının qarşısını almaq üçün qəbul prosesi mütləq şəkildə optimallaşdırılmalıdır.

Ekspertin fikrincə, universitetdaxili keçid sisteminin yaradılmasına zərurət var. Tədris ilinin ilk semestrində və ya birinci ilin sonunda müxtəlif səbəblərdən boş qalan yerlərə, xüsusilə dövlət sifarişli yerlərə, qəbul imtahanında minimum keçid balını toplamış, lakin müsabiqədən keçə bilməmiş digər abituriyentlərin və ya ödənişli əsaslarla təhsil alan tələbələrin daxili köçürülməsi mexanizmi qanunvericiliklə tənzimlənməlidir.

İlqar Orucov ehtiyat plan yerləri sisteminin tətbiqini də zəruri hesab edir.

“Qəbul prosesində əsas siyahı ilə yanaşı, hər ixtisas üzrə keçid balına ən yaxın nəticə göstərmiş abituriyentlərdən ibarət ehtiyat siyahı formalaşdırıla bilər. Universitetə qeydiyyatdan keçməyən və ya ilk aylarda təhsilini dayandıran şəxslərin yerinə həmin abituriyentlər dərhal cəlb oluna bilərlər. Yəni belə bir mexanizmin tətbiqi mümkündür”, – deyə o bildirib.

Ekspertin fikrincə, ixtisas seçimində şüurlu yönləndirmənin, yəni karyera planlamasına dəstəyin həyata keçirilməsi faydalı olar. Bir çox tələbə sadəcə universitetə qəbul olmaq məqsədilə təsadüfi ixtisaslar seçir və sonradan öz istəyi ilə təhsilini yarımçıq qoyur. Abituriyentlərin qəbuldan öncə icbari peşəyönümlü testlərdən keçirilməsi təşkil olunsa, hesab edirəm ki, belə halların qarşısını almaq mümkün olar.

“Həmçinin maliyyə çətinliklərinin qarşısının alınması mexanizmlərinin tətbiqinə ehtiyac görürəm. Təhsil haqlarının ödənilməməsi səbəbindən xaric olunma hallarını minimuma endirmək üçün çevik maliyyə alətləri dövriyyəyə buraxılmalıdır. Bilirik ki, Təhsil Tələbə Krediti Fondu fəaliyyət göstərir. Ümumilikdə, fondun fəaliyyəti ilə tanışam və hesab edirəm ki, kifayət qədər əlçatanlıq təmin olunub. Bununla belə, Təhsil Tələbə Krediti Fondu ilə bağlı məlumatlandırma və müraciət prosedurları daha da sadələşdirilə bilirsə, bu istiqamətdə addımlar atılmalıdır. Sosial həssas qruplarla yanaşı, qəfil maliyyə çətinliyi yaşayan tələbələr üçün də operativ kredit mexanizmləri yaradılmalıdır”, – deyə o bildirib.

İlqar Orucov hesab edir ki, çevik və fərdi ödəniş qrafiklərinin tətbiqi zəruridir.

Universitetlər təhsil haqqının ildə iki dəfə ödənilməsi əvəzinə, tələbənin və ailəsinin gəlir vəziyyətinə uyğun olaraq aylıq və ya rüblük hissələrlə ödəniş imkanları yarada bilərlər.

“Universitetdaxili iş imkanlarının genişləndirilməsini də vacib hesab edirəm. Maliyyə çətinliyi yaşayan tələbələrə universitet daxilində, məsələn, kitabxanada, laboratoriyada, inzibati bölmələrdə və digər sahələrdə saatlıq müvəqqəti iş yerləri təklif edilməli, qazandıqları vəsaitin təhsil haqlarına yönəldilməsinə şərait yaradılmalıdır.

Eyni zamanda, akademik borcların və dərs buraxılmalarının qarşısını alan nəzarət mexanizmlərinə keçid vacibdir.

Akademik uğursuzluq və davamiyyət problemi çox vaxt erkən mərhələdə müdaxilə edilmədiyi üçün xaric olunma ilə nəticələnir. Burada erkən xəbərdarlıq sisteminin tətbiqi önəmlidir. Elektron universitet platformaları vasitəsilə tələbənin davamiyyəti və aralıq imtahan nəticələri kritik həddə düşdükdə avtomatik olaraq dekanlığa, kuratora və tələbənin özünə xəbərdarlıq bildirişi göndərilə bilər”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, akademik mentorluq və repetitorluq dəstəyinin təşkil olunmasına ehtiyac var. Xüsusilə çətinlik çəkən tələbələr üçün yuxarı kurs tələbələrinin və ya magistrantların cəlb olunduğu ödənişsiz həmyaşıd dəstəyi proqramları qurula bilər. Akademik borcu olan tələbələrə fərdi kuratorlar təyin edilməli və onlarla sistemli şəkildə iş aparılmalıdır.

Həmçinin akademik borcların aradan qaldırılması üçün yay məktəblərinin ödənişləri optimallaşdırılmalı, tələbələrin sistemi tərk etməməsi üçün daha çox növbədənkənar və ya bərpa imtahanı imkanları yaradılmalıdır.

“Sosial və psixoloji dəstək mexanizmlərinin gücləndirilməsinə də ehtiyac var. Öz istəyi ilə təhsildən ayrılma hallarının arxasında çox vaxt adaptasiya problemləri, depressiya və ya yanlış mühit amilləri dayanır. Universitetlərdə psixoloji reabilitasiya mərkəzlərinin fəaliyyət göstərməsinə şərait yaradılmalı və hər bir ali və orta ixtisas təhsil müəssisəsində peşəkar psixoloqlar fəaliyyət göstərməlidirlər. Təhsilini dondurmaq və ya tərk etmək istəyən tələbə ilkin olaraq mütləq həmin mərkəzlərin mütəxəssisləri ilə görüşməli, problemin kökü araşdırılmalıdır”, – deyə o bildirib.

Ekspert həmçinin birinci kurs tələbələrinin universitet mühitinə və təhsil sisteminə daha tez uyğunlaşması üçün intensiv sosial inteqrasiya proqramlarının həyata keçirilməsinə ehtiyac olduğunu düşünür. Bu adaptasiya proqramları həmin istiqamətdə mövcud problemlərin həllinə əhəmiyyətli dəstək verə bilər.

Ümumilikdə, bu mexanizmlərin kompleks şəkildə tətbiqi həm dövlətin təhsilə qoyduğu investisiyanın səmərəliliyini artıracaq, həm də gənclərin təhsildən kənarda qalma riskini əhəmiyyətli dərəcədə azaldacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »