Adamlar planlaşdırıb, hazırlıq görüb. Düzüb-qoşub...
Belə şeylər təsadüf olmur. Yolda yeridiyin yerdə ağlına bir fikir gələr, unutmamaq üçün qeydlərə yazarsan. Amma...
Belə şeylər qəflətən olmur. Qəfildən video çəkdirmək... Yox, olmur. Buna əvvəlcədən hazırlaşırsan. Ağlına gəlir bunu etmək, ya hardansa sifariş olunub, fərq etməz - birdən-birə olmur.
Qarşıma çıxır o videolar. ""Kütləvi videotizm" sindromuna ümidsizcəsinə yoluxmuş talesiz xəstə" deyib keçə bilərdim. Amma elə də olmur axı. Çünki danışdığı mətləb səni "ayaq saxlamağa" məcbur edir.
Nədən söhbət gedir, deyim.
Axır vaxtlar bir para adamlar ortalığa atılıblar, aranı qızışdırırlar. Jurnalist qiyafəsində meydana çıxmış bu dahi "köçkünşünaslar" Ermənistanın işğalçı müharibəsi nəticəsində Qarabağda, Şərqi Zəngəzurda hər şeyini, o cümlədən, doğmalarını, doğma torpağını itirmiş - onsuz da dərdli-yaralı insanlara hücum edirlər.
Hardasa bir köçkün ailəsi bir vaxt zəbt elədiyi mənzildən, evdən çıxmaq istəmir, ola bilər. Bu, bir ailə deyil, on da ola bilər, lap yüz də ola bilər. Ancaq belə adamlara görə Allahsızcasına ümumiləşdirmə aparıb: "Keçmiş köçkünlər öz torpaqlarına qayıtmaq istəmir" deyə yüz minlərlə insana qara yaxmaq insanlığa sığmır.
Bakıda, ya başqa bir şəhərdə olsun, fərqi yoxdur, ölkənin hər yerində, dünyanın hər yerində mülkiyyət toxunulmazdır. İnsan özü müqəddəs olmasa belə, əmlakı müqəddəsdir.
Bir köçkün başqa bir insanın halal-hümmət evinə, mənzilinə sahiblənə bilməz. Keçici olaraq yaşaya bilər, qonaq qala bilər, kirayə qala bilər, ancaq: "Bura mənimdir, çıxmıram" deyə bilməz.
Sahibi olmaq istədiyim əmlakı kirayə götürərsən, icarəyə götürərsən, satın ala bilərsən, amma zorla kiminsə əlindən ala bilməzsən.
Çünki əmlak - ev-eşik halallıqla alınır, halallıqla verilir.
Keçmişdən bu günə belə görmüşük.
Bu, öz yerində. Burası gerçəkdir.
Amma bu cür faktları sanki kütləvi hal imiş, hamıya aidmiş kimi qələmə vermək Allahsızlıqdır.
Bu, bir.
İkincisi, keçmiş köçkünlərin guya öz torpaqlarına qayıtmaq istəməməsi haqda iddialar var və yağışdan sonra çıxan göbələk kimi çoxalıb yayılır.
Bəli, qayıtmaq istəməyən vardır, olacaqdır. Burda gizli bir şey də yoxdur. Hər kəs eyni cür düşünmür, eyni cür yaşamır. On adam, yüz adam, min adam, yüz minlərlə adam: "Torpağımı istəyirəm, qayıdıram" deyər, ancaq on adam, lap yüz adam da: "Getmirəm" deyər. Daha bu, min olmaz, minlərlə heç olmaz.
Mən bir Qarabağlı kimi xeyirdə-şərdə öz camaatımızın arasında oluram, onlarla danışıram, dinləyirəm. Hamı öz kəndinə, öz evinə qayıtmaq istəyir. Bəzi "jurnalist"lər hardan çıxarıb ki, heç kim qayıtmaq istəmir Qarabağa?!
Adamlar qayıtmaq istəyir. Həm də öz kəndinə qayıtmağa can atır hamı. Bu da təbiidir.
Amma hara qayıtsın?! Gərək evi-eşiyi, yaşamaq üçün şəraiti ola ki, ora qayıda bilsin.
Biri sosial mediada yazır ki, onsuz da ölkənin hər yerində işsizlik var, köçkün də gedib öz kəndində bir az işsiz qalsın da, nolar ki?!
Bundan daha absurd bir fikir eşidən olub?! Əgər bu da fikirdirsə...
Əlbəttə, keçmiş köçkünlər qayıtmalıdır və qayıdacaq. Dövlət bu işi tənzimləyir; kim qayıtmaq istəmirsə, ona Qarabağda, Şərqi Zəngəzurda təklif olunan fərdi yaşayış evindən, ya çoxmərtəbəli binada mənzildən imtina edərsə, ikinci bir təklif olmayacaq. O adamın belə bir haqqı və şansı olmayacaq.
Dövlət keçmiş məcburi köçkünləri qayıtmağa məcbur etmir (buna ehtiyac da yoxdur), ancaq seçimi tam öz ixtiyarına da buraxmır. Deyir: "Mən göstərən ünvana getmək istəməsən, sonra istəsən də gedə bilməyəcəksən. Daha doğrusu, dövlətin havayı tikib verdiyi evə gedə bilməyəcəksən".
Başqa sözlə, indi getmək istəməyən, sonra özəl tikinti şirkətlərindən pulunu verib, ev almalı olacaq.
Keşmiş köçkünləri indi havayı təklif olunan evlərə getməyə həvəsləndirir dövlət. O biri tərəfdən də, inşaat biznesini azad olunmuş torpaqara çağırır, maraqlandırır. Çünki dövlət hamıya ev tikib verə bilməz ki. Özəl sektoru da bu işə qoşur, qoşacaq.
Camaat da bunu anlayır. Sadəcə, köçkünlərin çoxunun fikri belədir ki, onları öz kəndlərinə buraxsınlar, gedib, özləri öz evlərini tiksin. Bu, əlbəttə, təbii hissdir və məntiqli təklifdir. Çünki belə olarsa, həm azad edilmiş torpaqlara qayıdış kütləvi və sürətli olar, həm də dövlətin maliyyə yükü azalar.
Amma və lakin.
Burada təhlükəsizlik məsələsi ortaya qoyulur. Müharibə bir neçə il əvvəl bitib. Səlahiyyətli qurumlar hələ də bölgədə həddindən çox mina və partlamamış sursat olduğunu deyirlər. Yəni insanların təhlükəsizliyi ön plana çəkilir. Adamlara başqa bölgələrdə hazır, həm də yeni təmirli evlər təklif olunur. İnsanlar öz can güvənliyi ilə uşaqlıq, lap elə yetkinlik dövrünün xatirələri arasında seçməli olacaq.
Razılaşarsınız ki, bu, çox çətin seçimdir. Söhbət, sadəcə, şəxsi xatirələrdən getmir. Emosional bağlılığın başqa qatları da var. Orda insanların torpağı var. Əmlakı. Bakıda mənzili zəbt olunmuş adam öz haqqına necə çatmaq istəyirsə, keçmiş köçkün də eləcə öz torpağına qovuşmaq istəyir. Sözün hər mənasında. O torpaq üzərində adamın mülkiyyət hüququ var.
Deməli, söhbətə hüquq qarışır. Hələ mən tarixi demirəm.
Füzuli rayonunun 26 kəndi, o cümlədən, Beynəlxalq Hava Limanı ətrafında 4 kilometrdən uzaq olmayan kəndlər yenidən öz yerində tikilməyəcək.
Ləğv olunan kəndlərin arasında Mirzə Camal bəyin kəndləri də var; bunlar zəngin tarixi olan yaşayış məskənləridir. Sovet dövründə adı dəyişdirilərək Mirzəcamallı adlandırılmış Mirzə Camalbəyli kəndini götürək. Bu kəndin ətrafında Yedditəpə dediyimiz tarixi təbiət abidəsi vardı. Başqa misallar da gətirə bilərik.
İnsanlar öz doğma tarixinin aurasına, o qayım-qədimlik ovqatına, yaşanmışlıq havasına qayıtmaq istəyir. Bunu niyə başqa yerə yozurlar?! O efir qəhrəmanlarını, yutub cəngavərlərini, tiktok "cigit"lərini buna kim məcbur edib?!
Nə isə. Qısacası köçkünlərin öz torpaqlarına qayıtmaq istəməməsi bir şəhər əfsanəsidir. Şərlə dolu mif.
Adamlar nəinki öz torpağına, hətta öz evinə qayıtmaq istəyir. Hər halda çox köçkündən belə eşitmişəm. Dövlət də insanlarım bu istəyi ilə öz layihələri arasında balans yaratmağa çalışır. Bu, normaldır.
Dövlətin öz ehtiyacları, vətəndaşın da öz ehtiyacları var. Bunların arasında uzlaşma axtarışı gedir. Belə bir həssas məqamda kimsə bpyürdən çıxıb, üz əzələlərini gərərək "qəzəb və hay-küy" janrında - təhqir formasında çıxışlar edirlər: "Köçkünlər öz torpaqlarına qayıtmaq istəmir" deyə spekulyasiya yayırlar. Dövlətlə vətəndaşın arasını vurmağa çalışırlar.
Mənə maraqlıdır, görəsən, bu qəzəbli və qərəzli "videot"lara haçansa "dur" deyən tapılacaq?!
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info





