“Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşü Azərbaycan–Almaniya münasibətlərinin inkişafı baxımından mühüm siyasi hadisədir. Bu səfər iki ölkə arasında mövcud strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi, siyasi dialoqun gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli rol oynayacaq”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun üzvü Azər Badamov danışıb.
O bildirib ki, bu gün dünyada geosiyasi münasibətlər sistemi ciddi dəyişikliklər mərhələsindən keçir. Müharibələr, regional münaqişələr və artan qlobal çağırışlar beynəlxalq münasibətlərdə yeni reallıqlar yaradıb. Belə bir mürəkkəb dövrdə Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib:
“Azərbaycan artıq Avropa üçün təkcə enerji tərəfdaşı deyil, həm də nəqliyyat, logistika və regional bağlantı sahələrində mühüm tərəfdaşdır. Son illərdə inkişaf etdirilən Orta Dəhliz layihəsi Asiya ilə Avropanı birləşdirən mühüm nəqliyyat marşrutuna çevrilib. Azərbaycanın əlverişli coğrafi mövqeyi, yaradılmış müasir infrastruktur və tranzit imkanları Almaniya daxil olmaqla, Avropa ölkələri üçün yeni logistika imkanları yaradır”.
Deputatın fikrincə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu ölkəmizin strateji əhəmiyyətini daha da yüksəldib. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan təbii qazı Avropanın müxtəlif ölkələrinə, o cümlədən Avropa İttifaqına üzv dövlətlərə çatdırılır. Qlobal enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı bir şəraitdə Azərbaycan Avropa üçün etibarlı və uzunmüddətli enerji tərəfdaşı kimi çıxış edir.
“Azərbaycan–Almaniya münasibətlərinin mühüm istiqamətlərindən biri də iqtisadi əməkdaşlıqdır. Almaniya Azərbaycanın Cənubi Qafqazdakı əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsinin artması, Azərbaycanda alman kapitallı 250-dən çox müəssisənin fəaliyyət göstərməsi iqtisadi əlaqələrin geniş potensialından xəbər verir.
Hazırda Azərbaycan iqtisadiyyatı yeni transformasiya mərhələsinə qədəm qoyur. Kənd təsərrüfatının modernləşdirilməsi, rəqəmsal inkişaf, innovasiyaların tətbiqi və yeni texnologiyaların iqtisadiyyata inteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu sahələrdə Almaniyanın təcrübəsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Almaniya kənd təsərrüfatında texnoloji yanaşmalar, rəqəmsal həllər, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosistemlərinin inkişafı sahəsində dünyanın qabaqcıl ölkələrindən biridir”, - deyə o bildirib.
Deputat bildirir ki, Azərbaycanın yaratdığı əlverişli investisiya mühiti, sənaye parklarında tətbiq olunan güzəştlər və iqtisadi imkanlar alman şirkətləri üçün də yeni əməkdaşlıq perspektivləri açır. Xüsusilə bərpa olunan enerji, yaşıl texnologiyalar, kənd təsərrüfatı, sənaye, logistika və rəqəmsal iqtisadiyyat sahələrində birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar mövcuddur.
“Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində ilk görüşlərdən birinin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə keçirilməsi iqtisadi əməkdaşlığın ölkələrimiz üçün prioritet istiqamətlərdən biri olduğunu göstərir. Görüş zamanı Azərbaycan və Almaniya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, yeni investisiya layihələrinin həyata keçirilməsi, enerji, nəqliyyat-logistika, Orta Dəhliz, kənd təsərrüfatı və texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Xüsusilə Almaniya texnologiyalarının Azərbaycanda kənd təsərrüfatına tətbiqi, “ağıllı kənd təsərrüfatı” sistemlərinin inkişafı, turizm potensialından daha səmərəli istifadə və innovativ həllərin tətbiqi gələcək əməkdaşlıq üçün mühüm istiqamətlərdən biri ola bilər”, - deyə o əlavə edib.
O bildirib ki, Prezident İlham Əliyevin həmçinin Almaniya Federal Kansleri Fridrix Merslə keçirəcəyi görüşlər çərçivəsində aparılacaq müzakirələr, əldə olunacaq razılaşmalar və imzalanacaq sənədlər Azərbaycan–Almaniya münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirəcək.
Bu səfər yalnız ikitərəfli əlaqələrin möhkəmlənməsinə deyil, həm də Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcək.
İradə Cəlil, Bizimyol.info






