Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenskinin mümkün kadr dəyişikliyi Ukraynanın hərbi strategiyasına necə təsir edəcək?
Zelenskinin mümkün kadr dəyişikliyi Ukraynanın hərbi strategiyasına necə təsir edəcək?

Ukrayna Prezidenti Volodimir Zelenskinin Silahlı Qüvvələrin Baş Komandanı Aleksandr Sırskinin istefasını nəzərdən keçirdiyi bildirilir. Məlumata görə, qərar cəbhədəki vəziyyət, hərbi strategiya və komandanlığın fasiləsiz ötürülməsi ilə bağlı qiymətləndirmələrdən asılı olacaq. Bu müzakirələr Ukraynanın həm siyasi rəhbərliyində, həm də hərbi idarəetməsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

  • Əgər müharibənin ən kritik mərhələsində ali hərbi rəhbərlik dəyişərsə, bu qərar Ukraynanın cəbhədəki döyüş qabiliyyətini gücləndirəcək, yoxsa komandanlıqda yaranacaq keçid dövrü əlavə risklər yaradacaq?

Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu, Ukrayna rəhbərliyində baş verən ilk dəyişiklik deyil. Bundan əvvəl də dəfələrlə kadr dəyişiklikləri olub və burada bir neçə amil mühüm rol oynayır. Bunlardan biri cəbhədəki vəziyyət və rəhbərliyin müharibəni davam etdirmək əzmidir.

"Məsələn, biz əvvəllər dəfələrlə görmüşük ki, əgər Zelenski hansısa şəxsin müharibənin gedişi ilə bağlı baxışlarının öz mövqeyi ilə üst-üstə düşmədiyini düşünürsə, onu vəzifədən uzaqlaşdırır. Buna ən bariz nümunələrdən biri də Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyində həyata keçirilən dəyişikliklərdir", – deyə politoloq bildirib.

Politoloqun fikrincə, indi də oxşar vəziyyət müşahidə olunur. Əgər cəbhədəki döyüş şəraiti və ya hərbi əməliyyatların gedişi Zelenskinin planlarına uyğun gəlmirsə, o, bu cür kadr dəyişikliklərinə gedə bilər.

Başqa tərəfdən, Zelenski ilə fikir ayrılığı yaşayan, vahid komandanlıq prinsipi çərçivəsində fəaliyyət göstərə bilməyən və ya onun siyasətini dəstəkləməyən şəxslərin vəzifədən uzaqlaşdırılması halları əvvəllər də baş verib.

O, həm komandasında fikir ayrılığı yaradan şəxsləri, həm də gələcəkdə potensial siyasi rəqibə çevrilə biləcək fiqurları uzaqlaşdırmağa çalışıb.

"Başqa bir ehtimal isə korrupsiya və ya qanun pozuntuları ilə bağlı ola bilər. Belə ki, əvvəllər də antikorrupsiya tədbirləri çərçivəsində Zelenski tərəfindən bir sıra yüksək vəzifəli məmurlar işdən çıxarılıb. Bu hallar daha çox Müdafiə Nazirliyi və infrastruktur sahəsində çalışan şəxslərlə bağlı olub. Ola bilsin ki, indiki qərarın arxasında da oxşar səbəblər dayanır. Əgər bununla bağlı hər hansı məlumatlar ortaya çıxarsa, Zelenskinin belə addım atması təəccüblü olmaz", – deyə Turab Rzayev bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə konkret olaraq bu şəxsin vəzifədən getməsinin Ukraynanın döyüş qabiliyyətini gücləndirəcəyini, yoxsa zəiflədəcəyini söyləmək çətindir.

Yeni təyinatın kim olacağı və onun hərbi təcrübəsi bəlli olduqdan sonra bu dəyişikliyin cəbhə xəttinə necə təsir göstərəcəyi barədə daha dəqiq fikir söyləmək mümkün olacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »