İordaniya Xarici İşlər Nazirliyi ölkə ərazisinə davam edən hücumlarla bağlı İranın müvəqqəti işlər vəkilini Ammanda çağıraraq ona sərt etiraz notası təqdim edib.
Bizimyol.info xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyinin sözçüsü Fuad əl-Məcali məlumat verib.
Onun sözlərinə görə, İordaniya tərəfi iranlı diplomatdan Tehrana "krallığa qarşı hücumları dərhal dayandırmaq zərurəti ilə bağlı aydın mesaj" çatdırmağı tələb edib.
Xarici İşlər Nazirliyi vurğulayıb ki, İordaniyanın təhlükəsizliyi və vətəndaşlarının həyatı "keçilməz qırmızı xəttdir".
Əl-Məcali bildirib ki, Amman İranın hücumlarını pisləyir və bu addımları "krallığın suverenliyinin kobud şəkildə pozulması, eləcə də beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması" kimi qiymətləndirir.
Bundan əvvəl İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığı ölkənin hava hücumundan müdafiə sistemlərinin krallığa yönəlmiş dörd İran raketindən üçünü zərərsizləşdirdiyini açıqlamışdı.
Bizimyol.info






