Türkiyənin Kiçik və Orta Ölçülü Müəssisələri İnkişaf etdirmə və Dəstəkləmə İdarəsi (KOSGEB) texnologiya və innovasiya yönümlü təşəbbüslərin süni intellekt sahəsində inkişafını sürətləndirmək məqsədilə yeni kredit proqramına başlayıb.
Bizimyol.info xəbər verir ki, qurum texnologiya sahibkarları üçün GO Rəqəmsal Pulqabı tərəfindən təqdim olunan Süni İntellekt Kredit Proqramı üzrə müraciətləri qəbul etməyə başlayıb.
Proqram çərçivəsində Texnoloji Sahibkarlıq Möhürü (“Teknogirişim Rozeti”) olan müəssisələrin yüksək performanslı hesablama resurslarına, təhlükəsiz məlumat saxlama imkanlarına və süni intellekt alətlərinə çıxış ehtiyaclarının qarşılanması nəzərdə tutulur.
Süni intellektin hazırlanması və tətbiqi proseslərində mühüm rol oynayan məlumat mərkəzi xidmətlərindən istifadənin asanlaşdırılması ilə texnologiya şirkətlərinin rəqabət qabiliyyətinin artırılması hədəflənir.
Süni İntellekt Kredit Proqramı üzrə müraciətlər iyulun 9-dan başlayıb və dekabrın 31-dək davam edəcək. Müraciətlər KOSGEB-in KOBİ Məlumat Sistemi üzərindən qəbul ediləcək. Uyğun hesab edilən müəssisələr kreditdən istifadə proseslərini GO Rəqəmsal Pulqabı tətbiqi vasitəsilə həyata keçirəcəklər.
Proqrama müraciət edən müəssisələr qüvvədə olan Texnoloji Sahibkarlıq Möhürünə malik olmalı, KOSGEB məlumat bazasında qeydiyyatdan keçmiş, aktiv və yenilənmiş müəssisə məlumatlarına sahib olmalıdır.
Proqram çərçivəsində müəssisələrə təxminən 18 min manatdan 180 min manatadək kredit imkanı təqdim ediləcək. Kredit ödənişlərinə dəstəyin başlanmasından sonra 12 aylıq güzəşt müddətinin ardından növbəti 12 ay ərzində bərabər hissələrlə başlanacaq.
Verilən kredit aşağıdakı xərclərin qarşılanmasına yönəldilə bilər:
- yüksək performanslı hesablama resursları (GPU, CPU, RAM);
- təhlükəsiz məlumat saxlama xidmətləri;
- süni intellekt məlumat mərkəzi xidmətləri;
- süni intellekt alətləri və platformalarından istifadə xərcləri.
Müəssisələr proqramdan yalnız KOSGEB ilə əməkdaşlıq protokolu imzalamış məlumat mərkəzlərindən alacaqları xidmətlər üçün yararlana biləcəklər.
Bizimyol.info






