Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kipr düyünü niyə açılmır? – Türkiyənin mövqeyi yenidən gündəmdə
Kipr düyünü niyə açılmır? – Türkiyənin mövqeyi yenidən gündəmdə

Kipr Sülh Əməliyyatı adanı Yunanıstana birləşdirmək istəyən qüvvələrin planlarını puça çıxaran, eyni zamanda Kipr türklərinin təhlükəsizliyini təmin edən sülh və sabitlik əməliyyatı kimi qiymətləndirilir.

Erzincan Binali Yıldırım Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinin dekanı Kerem Karabulut Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, tarixin müxtəlif mərhələlərində türklərə məxsus olmuş Kipr adası 1974-cü ildə Türkiyənin Kipr türklərini tamamilə məhv etmək və ya adadan qovmaq məqsədi daşıyan hücumlara müdaxiləsindən sonra faktiki olaraq iki dövlətli quruluşa çevrildi.

"Şimali Kipr Türk Respublikası sülh və birgəyaşayış istiqamətində hər zaman müsbət mövqe nümayiş etdirsə də, Kipr yunan tərəfi bu xoşməramlı yanaşmaya qarşılıq verməyib. Bunun ən bariz nümunəsi Annan Planı zamanı da özünü göstərdi.

Bu gün Türkiyə ilə Şimali Kipr Türk Respublikası arasında formalaşmış siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığı adanın Türkiyə üçün strateji əhəmiyyətini daha da artırır. Keçmişdə olduğu kimi, bu gün də və gələcəkdə də Şimali Kipr Türk Respublikası Türkiyə üçün əvəzolunmaz əhəmiyyət daşıyacaq. Yaxın Şərqdə baş verən proseslər və Aralıq dənizinin geosiyasi əhəmiyyəti nəzərə alındıqda, Kiprin Türkiyə üçün strateji mövqeyi daha aydın görünür.

Kipr məsələsində diqqət çəkən digər məqam isə Azərbaycanın Türkiyənin haqlı mövqeyini dəstəkləməsi və bu məsələdə qardaş ölkənin yanında yer almasıdır", – deyə Kerem Karabulut bildirib.

Ekspertin sözlərinə görə, Sülh Əməliyyatının başlamasından yarım əsrdən çox – 52 il keçməsinə baxmayaraq, problemin hələ də həllini tapmaması Türkiyənin adadakı mövcudluğunun vacibliyini bir daha təsdiqləyir.

"Adada türk tərəfinin siyasi bərabərliyini qəbul etməyən heç bir sülh təklifi uğurlu ola bilməz və qəbul edilməməlidir. Türkiyə ilə Azərbaycanın strateji birliyi, eləcə də türk dünyasının inteqrasiyasının güclənməsi uzunmüddətli perspektivdə Kipr probleminin həllinə müsbət töhfə verə bilər", – deyə Kerem Karabulut vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »