Avropa Parlamentinin rəqəmsal avro layihəsini qəbul etməsi Aİ-nin maliyyə sisteminin rəqəmsallaşdırılması istiqamətində mühüm mərhələ hesab olunur.
Layihənin 2029-cu ildə tətbiq edilməsi planlaşdırılır və hazırda institutlararası danışıqların yekun mərhələsinə keçib. Rəqəmsal avronun əsas məqsədlərindən biri Aİ-nin maliyyə müstəqilliyini gücləndirmək və xarici ödəniş sistemlərindən asılılığı azaltmaqdır.
- Rəqəmsal avronun tətbiqi Avropa İttifaqının maliyyə müstəqilliyinə və qlobal ödəniş sistemlərində mövqeyinə hansı təsirləri göstərə bilər?
- Rəqəmsal avronun tətbiqi qlobal maliyyə sistemində mərkəzi bankların rəqəmsal valyutaları (CBDC) arasında yeni geoiqtisadi rəqabət mərhələsi yarada bilərmi?
- Aİ-nin rəqəmsal avroya keçidi Avropanın maliyyə suverenliyini gücləndirəcək, yoxsa vətəndaşların maliyyə məxfiliyi və bank sektorunun gələcəyi ilə bağlı yeni risklər formalaşdıracaq?
- Əgər rəqəmsal avro uğurla tətbiq olunarsa, bu, digər ölkələrin, o cümlədən Azərbaycanın gələcəkdə rəqəmsal milli valyuta siyasətinə necə təsir edə bilər?
İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa Parlamentinin rəqəmsal avro layihəsini dəstəkləməsi Avropa İttifaqının maliyyə sisteminin transformasiyası baxımından son illərin ən mühüm qərarlarından biri hesab oluna bilər. Layihənin 2029-cu ildə tətbiqinin planlaşdırılması və institutlararası danışıqların yekun mərhələyə keçməsi göstərir ki, Aİ rəqəmsal iqtisadiyyatın yeni reallıqlarına uyğun maliyyə infrastrukturu formalaşdırmağa çalışır. Bu təşəbbüs yalnız ödəniş sistemlərinin modernləşdirilməsi deyil, həm də Avropanın maliyyə suverenliyinin gücləndirilməsi, beynəlxalq maliyyə sistemində təsir imkanlarının artırılması və strateji asılılıqların azaldılması məqsədi daşıyır.
Onun sözlərinə görə, son illərdə rəqəmsal ödəniş bazarında özəl texnologiya şirkətlərinin və beynəlxalq kart sistemlərinin təsirinin artması, eyni zamanda Çin kimi ölkələrin mərkəzi bank rəqəmsal valyutalarının (CBDC) inkişafı Avropa İttifaqını daha fəal addımlar atmağa sövq edib. Rəqəmsal avro Avropa Mərkəzi Bankı tərəfindən emissiya ediləcək rəsmi rəqəmsal pul vahidi kimi vətəndaşlara və biznesə təhlükəsiz, sürətli və aşağı xərcli ödəniş imkanları təqdim etməyi hədəfləyir.
Əgər layihə uğurla həyata keçirilərsə, Aİ daxili ödəniş ekosistemində xarici platformalardan asılılığını əhəmiyyətli dərəcədə azalda və maliyyə təhlükəsizliyini daha da möhkəmləndirə bilər.
"Rəqəmsal avro daha geniş strateji əhəmiyyət daşıyır. Hazırda Çin rəqəmsal yuan layihəsini aktiv şəkildə inkişaf etdirir, bir sıra dövlətlər isə öz rəqəmsal valyuta modellərini sınaqdan keçirirlər. Belə bir şəraitdə Avropa İttifaqının rəqəmsal avroya keçidi qlobal maliyyə sistemində yeni rəqabət mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir. Artıq söhbət yalnız valyutaların deyil, onların üzərində qurulan rəqəmsal ödəniş infrastrukturlarının, texnoloji standartların və maliyyə platformalarının rəqabətindən gedir. Gələcəkdə beynəlxalq ticarət və sərhədlərarası hesablaşmalarda hansı rəqəmsal valyutanın üstün mövqeyə sahib olacağı dünya iqtisadiyyatında qüvvələr balansına da təsir göstərəcək", – deyə o bildirib.
Əli Səlimov hesab edir ki, layihənin qarşısında duran əsas məsələlərdən biri vətəndaşların maliyyə məxfiliyinin qorunmasıdır. Avropa İttifaqı uzun illərdir şəxsi məlumatların mühafizəsi sahəsində yüksək standartlar formalaşdırıb və rəqəmsal avro layihəsi də bu prinsiplərə uyğun hazırlanır. Lakin cəmiyyətin etimadının qorunması üçün məlumatların necə saxlanılması, hansı hallarda dövlət qurumlarının həmin məlumatlara çıxış əldə edə bilməsi və kibertəhlükəsizlik mexanizmlərinin effektivliyi xüsusi əhəmiyyət daşıyacaq.
"Rəqəmsal avro layihəsi, sadəcə, yeni ödəniş vasitəsinin yaradılması deyil, Avropa İttifaqının beynəlxalq maliyyə sistemində daha müstəqil və təsirli aktora çevrilməsi strategiyasının tərkib hissəsidir. Layihənin uğuru Avropanın maliyyə suverenliyini gücləndirə, avronun beynəlxalq rolunu artıra və mərkəzi bankların rəqəmsal valyutaları arasında yeni geoiqtisadi rəqabət mərhələsini sürətləndirə bilər. Bununla yanaşı, maliyyə məxfiliyinin qorunması, bank sektorunun dayanıqlılığı və ictimai etimadın təmin edilməsi layihənin uzunmüddətli uğurunu müəyyən edəcək əsas amillər olacaq", – deyə o vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






