Dövlət Dəniz və Liman Agentliyi xarici sularda müxtəlif dövlətlərin bayraqları altında üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı müraciət yayıb.
Bizimyol.info xəbər verir ki, agentlik son dövrlərdə daxil olan bu cür xəbərlərin dərin kədər hissi doğurduğunu bildirib.
“Həlak olan dənizçilərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr arzulayırıq”, - deyə müraciətdə deyilir.
Qurum xüsusilə Qara və Azov dənizləri hövzəsində, eləcə də Hörmüz boğazı və Fars körfəzində təhlükəsizlik risklərinin yüksək olduğunu diqqətə çatdıraraq, Azərbaycan dənizçilərini həyat və sağlamlıqlarını hər şeydən üstün tutmağa çağırıb.
Agentlik dənizçilərə müharibə zonalarına və ya aktiv hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərə razılıq verməzdən əvvəl mövcud riskləri diqqətlə qiymətləndirməyi, rəsmi qurumların təhlükəsizliklə bağlı xəbərdarlıq və tövsiyələrini nəzərə almağı, həmçinin mümkün olduğu hallarda bu cür səfərlərdən çəkinməyi tövsiyə edib.
Bununla yanaşı, gəmiçilik şirkətlərini və aidiyyəti qurumları dənizçilərin həyat və təhlükəsizliyini prioritet hesab etməyə, onları müharibə riskinin yüksək olduğu bölgələrə göndərərkən bütün zəruri təhlükəsizlik tədbirlərini görməyə və mümkün olduğu hallarda belə marşrutlardan istifadə etməməyə çağırıb.
- Gəmilərin riskli bölgələrə səfərləri ilə bağlı təhlükəsizlik tədbirləri gücləndiriləcəkmi?
Yaranan sualla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: “ASCO üçün gəmi heyətinin, gəmilərin və daşınan yüklərin təhlükəsizliyi daim əsas prioritetdir. Şirkət fəaliyyət göstərdiyi bütün istiqamətlərdə mövcud riskləri davamlı olaraq qiymətləndirir və beynəlxalq təhlükəsizlik tələblərinə uyğun fəaliyyət göstərir. Riskli bölgələrə səfərlərlə bağlı qərarlar da mövcud vəziyyət, beynəlxalq xəbərdarlıqlar və təhlükəsizlik qiymətləndirmələri nəzərə alınmaqla qəbul edilir”.
Günel Həsənova, Bizimyol.info






