İsrail parlamentində qondarma "erməni soyqırımı"nın tanınması məsələsinin gündəlikdən çıxarılması Azərbaycan-İsrail münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirir. Bu qərar diplomatik kanalların vaxtında və effektiv işləməsinin xarici siyasətdə nə qədər mühüm rol oynadığını göstərir. Eyni zamanda, hadisə regional tərəfdaşlıqların parlament qərarlarına belə təsir edə biləcək səviyyəyə çatdığını ortaya qoyur.
- Bu hadisə göstərirmi ki, müasir beynəlxalq münasibətlərdə tarixi-siyasi məsələlərin taleyini artıq hüquqi və tarixi arqumentlərdən daha çox dövlətlərarası strateji tərəfdaşlıqlar və geosiyasi maraqlar müəyyənləşdirir?
Politoloq Elman Telmanoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu hadisə müasir beynəlxalq münasibətlərdə mühüm bir tendensiyanı əks etdirir.
"Bu gün tarixi xarakterli məsələlər çox vaxt yalnız hüquqi sənədlər və ya tarixçilərin araşdırmaları əsasında deyil, dövlətlərin geosiyasi maraqları, təhlükəsizlik prioritetləri və strateji tərəfdaşlıqları fonunda qiymətləndirilir. Parlamentlərin qəbul etdiyi qərarlar da əksər hallarda ölkənin ümumi xarici siyasət kursundan və milli maraqlarından kənarda formalaşmır.
İsrail parlamentində sözügedən məsələnin gündəlikdən çıxarılması da göstərir ki, strateji tərəfdaşlıq münasibətləri siyasi qərarların qəbulunda mühüm amillərdən biridir. Azərbaycan və İsrail arasında enerji təhlükəsizliyi, müdafiə sənayesi, regional təhlükəsizlik və yüksək texnologiyalar sahəsində formalaşmış əməkdaşlıq iki ölkə arasında yüksək səviyyəli siyasi etimad yaradıb. Belə etimad isə həssas mövzuların müzakirəsində daha ehtiyatlı yanaşmanı təşviq edir", – deyə o bildirib.
Politoloqun sözlərinə görə, bu hadisəni yalnız geosiyasi maraqlarla izah etmək də düzgün olmazdı.
"Tarixi məsələlər ətrafında qərarlar qəbul edilərkən hüquqi əsaslar, beynəlxalq siyasi mühit, daxili ictimai rəy və diplomatik münasibətlər birlikdə rol oynayır. Lakin son illərin beynəlxalq təcrübəsi göstərir ki, strateji tərəfdaşlıq və milli maraqlar çox zaman bu amillər arasında həlledici çəkiyə malik olur. Bu da beynəlxalq siyasətdə emosional və tarixi yanaşmalardan daha çox praqmatik dövlət maraqlarının ön plana çıxdığını göstərən mühüm nümunələrdən biridir.
Bu prosesin diqqət çəkən tərəflərindən biri də Türk dünyası ilə İsrail arasında etimadı sarsıtmağa və münasibətlərdə gərginlik yaratmağa çalışan müəyyən dairələrin fəallığı idi. Məsələnin gündəmə gətirilməsi və informasiya məkanında geniş şəkildə tirajlanması da məhz belə cəhdlərin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Lakin Azərbaycanın balanslaşdırılmış, praqmatik və çevik diplomatiyası, eləcə də tərəfdaşları ilə formalaşdırdığı qarşılıqlı etimad bu həssas məsələnin konstruktiv məcrada həllinə mühüm töhfə verdi. Bu hadisə bir daha göstərdi ki, ardıcıl xarici siyasət və effektiv diplomatik fəaliyyət regionda süni gərginlik yaratmağa yönəlmiş təşəbbüslərin qarşısını almaq üçün ən təsirli vasitələrdən biridir", – deyə Elman Telmanoğlu əlavə edib.
İradə Cəlil, Bizimyol.info






