Rusiya Kiyevə son dövrlərin ən böyük raket hücumlarından birini həyata keçirib. Təxminən beş saat davam edən hücum nəticəsində azı bir nəfər ölüb, yeddi nəfər yaralanıb. Şəhərin müxtəlif ərazilərində yaşayış və inzibati binalarda dağıntılar, eləcə də yanğınlar qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, Ukrayna rəsmilərinin məlumatına görə, paytaxta təxminən 40 ədəd “İsgəndər-M” və hipersəsli “Zirkon” raketləri atılıb. Gecə saatlarında başlayan hücum zamanı güclü partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemləri işə düşüb.
Kiyevin mərkəzi rayonlarından birində üçmərtəbəli bina yanıb. Xilasedicilər dağıntılar altından bir neçə nəfəri çıxarıb, bir şəxsin cəsədini aşkarlayıblar. Digər ərazilərdə də yaşayış binaları, ofislər və yataqxanalar zərər görüb. Güclü partlayış dalğası nəticəsində Lukyanivska metro stansiyasının giriş hissəsində çökmə baş verib və stansiyanın fəaliyyəti müvəqqəti dayandırılıb.
Kiyev meri Vitali Kliçko hücum nəticəsində yeddi nəfərin yaralandığını bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski isə Qərb ölkələrindən hava hücumundan müdafiə sistemləri, xüsusilə “Patriot” raket kompleksləri üçün əlavə dəstək istəyib.
Hücumlar Ukraynada daxili siyasi gərginliyin artdığı bir dövrə təsadüf edib. Eyni zamanda Ukrayna qüvvələri də Rusiyanın Moskva və Tambov vilayətlərindəki logistika obyektlərinə dron hücumları həyata keçirib. Tərəflər qarşılıqlı zərbələri davam etdirir.
Bizimyol.info






