Böyük Britaniyanın yeni hökumətində süni intellektin (Sİ) inkişafı üzrə dövlət naziri vəzifəsi təsis ediləcək.
Bizimyol.info xəbər verir ki, "The Sunday Times" qəzetinin məlumatına görə, bu vəzifə iyulun 20-də baş nazir postunu tutacaq Endi Börnemin rəhbərlik edəcəyi hökumətdə yaradılacaq. Hələlik yeni dövlət nazirinin hansı nazirliyə tabe olacağı açıqlanmasa da, onun geniş səlahiyyətlərə malik olacağı və Nazirlər Kabinetinin iclaslarında iştirak edə biləcəyi bildirilir.
Endi Börnem iyulun 17-də rəqibsiz şəkildə hakim Leyboristlər Partiyasının lideri seçilib. O, iyulun 20-də Kral III Çarlzla Bukinqem sarayında keçiriləcək görüşdən sonra rəsmi olaraq Böyük Britaniyanın baş naziri vəzifəsinə başlayacaq.
Qeyd edək ki, əvvəlki baş nazir Kir Starmer iyunun 22-də Leyboristlər Partiyasının lideri və baş nazir vəzifələrindən istefa verəcəyini açıqlamışdı. O, bu qərarı mayın 7-də keçirilən yerli seçkilərdə partiyanın ciddi itkilərlə üzləşməsindən sonra verib.
Bizimyol.info






