Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna HHQ: Kiyevə son ballistik hücum ən kütləvi hücum olmayıb
Ukrayna HHQ: Kiyevə son ballistik hücum ən kütləvi hücum olmayıb

Rusiyanın iyulun 19-na keçən gecə Kiyevə həyata keçirdiyi raket hücumu ballistik raketlərin tətbiqi baxımından ən iri hücumlardan biri olsa da, ən kütləvisi olmayıb. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin Kommunikasiyalar İdarəsinin rəisi Yuri İqnat Facebook hesabında bildirib.

Onun sözlərinə görə, bundan əvvəl – 15 iyun, 2 iyul və 6 iyul tarixlərində baş vermiş hücumlar zamanı da Rusiya təxminən eyni sayda ballistik raketdən istifadə edib. Həmin hücumlarda əlavə olaraq onlarla qanadlı raket və çoxlu sayda pilotsuz uçuş aparatı da tətbiq olunub.

“Son 35 gün ərzində Ukrayna paytaxtı artıq üç dəfə (indiki isə dördüncü dəfə) təxminən eyni sayda ballistik raketlə, həmçinin müxtəlif tipli onlarla qanadlı raket və çoxlu sayda PUA ilə həyata keçirilən kütləvi hücuma məruz qalıb”, – deyə İqnat qeyd edib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, 15 iyun tarixində əsas hədəf yenə Kiyev olub. Həmin gün Rusiya 70 raket və 611 pilotsuz uçuş aparatı buraxıb. İyulun 2-də 74 raket və 496 PUA, iyulun 6-da isə 68 raket və 351 PUA tətbiq edilib.

Bundan əvvəl Ukrayna tərəfi bildirmişdi ki, iyulun 19-na keçən gecə Rusiya Ukraynaya ümumilikdə 41 raket və 126 zərbə tipli pilotsuz uçuş aparatı ilə hücum edib. Hücum zamanı 10 ədəd “Zirkon” gəmiəleyhinə raketi, 25 “İsgəndər-M/S-400” ballistik raketi, 3 “Oniks” gəmiəleyhinə raketi və 3 "X-59/69" idarəolunan aviasiya raketi istifadə olunub.

Məlumata əsasən, Ukraynanın hava hücumundan müdafiə qüvvələri 126 hava hədəfini zərərsizləşdirib. Bunlardan 18-i raket (17 “İsgəndər-M”, “Zirkon” və "S-400", "1 X-59/69" raketləri), 108-i isə müxtəlif tipli pilotsuz uçuş aparatı olub.

Ukrayna Prezidenti Vladimir Zelenski isə bildirib ki, bu hücum Kiyevə qarşı həyata keçirilmiş ən kütləvi ballistik hücumlardan biridir. Onun sözlərinə görə, Rusiya 40-dan çox müxtəlif tipli raket buraxıb və onların əksəriyyəti paytaxtı hədəf alıb. Bundan başqa, hücumda 120 zərbə tipli pilotsuz uçuş aparatından da istifadə edilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »