İran Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsi "Saika Əməliyyatı"nın 16-cı mərhələsi çərçivəsində ABŞ-ın Küveytdə yerləşən Əl-Üdeyri düşərgəsi və Əli əl-Səlim Hərbi Hava Bazasının zərbə tipli pilotsuz uçuş aparatları (PUA) ilə vurulduğunu açıqlayıb.
Bizimyol.info xəbər verir ki, ordunun yaydığı bəyanata görə, ABŞ-a məxsus iki mühüm hərbi obyekt kamikadze tipli PUA-ların iştirakı ilə hədəfə alınıb.
"Düşmənin ardıcıl hücumlarına, əziz vətəndaşlarımızın şəhid edilməsinə, körpülərin, infrastruktur obyektlərinin və mülki ərazilərin hədəfə alınmasına cavab olaraq, bir neçə saat əvvəl "Saika Əməliyyatı"nın 16-cı mərhələsində İran Ordusu ABŞ ordusuna məxsus Əl-Üdeyri düşərgəsindəki sursat anbarını, eləcə də Küveytdə yerləşən Əli əl-Səlim bazasındakı Patriot hava hücumundan müdafiə sisteminin radarını və hava müşahidə radarını intensiv kamikadze PUA hücumları ilə vurub", - deyə bəyanatda bildirilir.
Açıqlamaya görə, Əl-Üdeyri düşərgəsi ABŞ ordusunun bölgədəki ən mühüm hərbi bazalarından biridir və İran sərhədindən təxminən 104 kilometr məsafədə yerləşir. Bildirilir ki, baza ABŞ qüvvələrinin logistika və yenidən yerləşdirilmə əməliyyatlarında əsas rol oynayır. İran tərəfi hesab edir ki, bu obyektin fəaliyyətinin pozulması ABŞ-ın regiondakı dəstək əməliyyatlarına ciddi təsir göstərə bilər.
Bəyanatda həmçinin qeyd olunur ki, Əli əl-Səlim Hərbi Hava Bazası ABŞ-ın bölgədəki əsas hərbi obyektlərindən biridir. Bu baza hava daşımalarının əsas mərkəzi olmaqla yanaşı, Qərbi Asiyaya göndərilən ABŞ hərbi qüvvələri üçün əsas giriş məntəqəsi hesab olunur. İran Ordusu iddia edir ki, bazanın fəaliyyəti ABŞ-ın regiondakı hərbi strategiyası və logistika əməliyyatları üçün mühüm əhəmiyyət daşıyır.
ABŞ və Küveyt rəsmiləri hələlik İranın bu iddiaları ilə bağlı rəsmi açıqlama verməyiblər.
Bizimyol.info






