“Azərbaycanın geostrateji mövqeyi Avropa üçün yalnız enerji baxımından deyil, nəqliyyat və logistika baxımından da mühüm əhəmiyyət kəsb edir. Qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər Orta Dəhlizi Avropa ilə Asiya arasında ən perspektivli nəqliyyat xətlərindən birinə çevirib. Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən bu marşrut həm yükdaşımaların təhlükəsizliyini artırır, həm də çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaldır”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb.
Onun sözlərinə görə, Azərbaycan son illərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, Bakı–Tbilisi–Qars dəmir yolunun imkanlarının artırılması, avtomobil yollarının müasirləşdirilməsi və rəqəmsal gömrük sistemlərinin tətbiqi istiqamətində həyata keçirdiyi layihələrlə Orta Dəhlizin əsas logistika mərkəzlərindən birinə çevrilib. Məhz buna görə də Avropa İttifaqının bu marşruta artan marağı Azərbaycanın strateji əhəmiyyətini daha da yüksəldir.
“Lakin burada diqqət çəkən mühüm məqam ondan ibarətdir ki, geosiyasi maraqlar dəyişkəndir. Tarix göstərir ki, beynəlxalq münasibətlərdə dövlətlərin prioritetləri zaman-zaman dəyişə bilir. Bu səbəbdən də, Avropanın Azərbaycana marağı əsasən mövcud geosiyasi böhranların nəticəsidir və beynəlxalq vəziyyət dəyişərsə, bu maraq müəyyən qədər zəifləyə bilər”-deyə o bildirib.
Başqa tərəfdən daha realist yanaşma göstərir ki, Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil. Ölkə regional təhlükəsizlik, nəqliyyat, logistika, rəqəmsal bağlantılar və yaşıl iqtisadiyyat istiqamətlərində formalaşan yeni geosiyasi sistemin mühüm iştirakçısına çevrilib. Bu isə Azərbaycanın strateji əhəmiyyətini qısamüddətli deyil, uzunmüddətli edən əsas amillərdən biridir.
“Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri etibarlı tərəfdaş olmaqdır. Son onilliklər ərzində ölkəmiz iştirak etdiyi bütün beynəlxalq enerji layihələrində öhdəliklərinə sadiq qalıb, tərəfdaş dövlətlərlə əməkdaşlığını qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında inkişaf etdirib. Məhz bu amil Avropa İttifaqının Azərbaycana etimadını artıran əsas faktorlar sırasındadır”-deyə o vurğulayıb.
Politoloqun fikrincə, hazırda münasibətlərin gündəliyində yalnız enerji və nəqliyyat məsələləri deyil, rəqəmsal transformasiya, innovasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, rəqəmsal ticarət və məlumat infrastrukturu kimi yeni əməkdaşlıq istiqamətləri də dayanır. XXI əsrdə dövlətlərarası münasibətlərin yalnız enerji resursları üzərində qurulmadığını nəzərə alsaq, bu sahələr üzrə tərəfdaşlığın genişlənməsi Azərbaycan–Avropa İttifaqı əlaqələrinin daha dayanıqlı xarakter almasına xidmət edə bilər.
Başqa mühüm məsələ Avropa İttifaqının Azərbaycanla münasibətlərində iqtisadi maraqların siyasi fikir ayrılıqlarını nə dərəcədə arxa plana keçirə bilməsidir. Uzun illər Brüssel Azərbaycanla münasibətlərdə siyasi islahatlar, demokratiya və insan hüquqları məsələlərini əsas gündəlik mövzularından biri kimi təqdim edib. Bəzi hallarda bu yanaşma tərəflər arasında müəyyən gərginliklərin yaranmasına da səbəb olub: “Lakin hazırkı beynəlxalq vəziyyət göstərir ki, iqtisadi və təhlükəsizlik maraqları Avropa İttifaqının xarici siyasətində daha praqmatik yanaşmanı ön plana çıxarır. Enerji təhlükəsizliyi, logistika marşrutlarının etibarlılığı, iqtisadi dayanıqlıq və regional sabitlik artıq Brüssel üçün nəzəri siyasi müzakirələrdən daha aktual məsələlər hesab olunur. Bu isə iqtisadi əməkdaşlığın siyasi fikir ayrılıqlarının təsirini müəyyən qədər azaltmaq potensialına malik olduğunu göstərir”.
Politoloq hesab edir ki, münasibətlərin tam harmonik olacağını düşünmək də düzgün olmazdı. Çünki Avropa İttifaqı öz dəyərlər sisteminə əsaslanan xarici siyasət kursunu davam etdirəcək, Azərbaycan isə milli maraqlarını, suverenliyini və daxili işlərinə müdaxilənin yolverilməzliyi prinsipini qorumaqda israrlı olacaq. Məhz buna görə də gələcək əməkdaşlığın uğuru tərəflərin qarşılıqlı hörmət, bərabərhüquqluluq və praqmatik dialoq prinsiplərinə nə dərəcədə sadiq qalacağından asılı olacaq.
“Bugünkü reallıq göstərir ki, Azərbaycan artıq Avropa üçün alternativ tərəfdaş deyil. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, Orta Dəhlizin inkişafında, yaşıl enerji layihələrinin həyata keçirilməsində və regional sabitliyin qorunmasında strateji rol oynayan dövlətlərdən birinə çevrilib. Bu status təsadüfi deyil. Son illərdə həyata keçirilən uğurlu iqtisadi siyasət, müasir infrastruktur layihələri, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi və balanslaşdırılmış xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb”-deyə o bildirib.
İradə Cəlil, Bizimyol.info






