Kremlin sözçüsü Dmitri Peskovun Prezident İlham Əliyevin Ukrayna ilə bağlı mövqeyini "səhv" adlandırması Moskvanın bu məsələdə prinsipial fikir ayrılığını nümayiş etdirsə də, Rusiya bunun Azərbaycanla ikitərəfli münasibətlərə kölgə salmamalı olduğunu açıq şəkildə bəyan edib. Bu yanaşma göstərir ki, tərəflər arasında müəyyən siyasi mövzularda fərqli baxışlar mövcud olsa da, strateji əməkdaşlığın qorunması hər iki ölkə üçün prioritet olaraq qalır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər hazırda praqmatik əməkdaşlıq və normallaşma xətti üzrə inkişaf edir. İki ölkə arasında qonşuluq münasibətlərinə söykənən siyasi dialoq, ticarət-iqtisadi əlaqələr və humanitar əməkdaşlıq yüksələn dinamika nümayiş etdirir.
Məhz buna görə də IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin Ukrayna ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan-Rusiya münasibətlərinin ümumi məzmunundan deyil, Azərbaycanın prinsipial xarici siyasət mövqeyindən irəli gələn yanaşma kimi qiymətləndirilməlidir.
"Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun Azərbaycanın mövqeyini "səhv" adlandırması Moskvanın məsələyə fərqli baxışını əks etdirir. Bununla yanaşı, Rusiya tərəfinin bu fikir ayrılığının iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərməməli olduğunu açıq şəkildə bəyan etməsi onu göstərir ki, həm Bakı, həm də Moskva strateji əməkdaşlığın qorunmasında maraqlıdır. Müasir beynəlxalq münasibətlər sistemində tərəfdaş dövlətlərin bütün məsələlərdə eyni mövqedən çıxış etməsi zəruri deyil. Əsas olan fikir ayrılıqlarının qarşılıqlı hörmət və siyasi dialoq çərçivəsində idarə edilməsidir", – deyə deputat bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha ifadə etməsi Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ardıcıl və müstəqil xarici siyasət kursunun məntiqi davamıdır.
Deputat vurğulayıb ki, Azərbaycan hər zaman dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suverenlik və ərazi bütövlüyü prinsiplərinin tərəfdarı olub. Bu, uzun illərdir dəyişməyən və bütün beynəlxalq məsələlərdə tətbiq olunan prinsipial dövlət mövqeyidir.
"Azərbaycan beynəlxalq hüququn pozulmasının ağır nəticələrini öz tarixində yaşamış ölkədir. Torpaqlarımız təxminən 30 il işğal altında qaldı və bu müddət ərzində Azərbaycan heç vaxt işğal faktı ilə barışmadı. Dövlətimiz bütün platformalarda beynəlxalq hüququn norma və prinsiplərinə istinad edərək ərazi bütövlüyünün bərpasını tələb etdi. Nəticədə Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin etdi. Bu tarixi təcrübə Azərbaycanın bu gün də eyni prinsipial mövqedən çıxış etməsini tamamilə təbii edir.
Məhz buna görə də Prezident İlham Əliyevin Ukrayna ilə bağlı səsləndirdiyi fikirlər hər hansı dövlətə qarşı yönəlmiş siyasi mesaj deyil, beynəlxalq hüququn aliliyinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinin ifadəsidir. Azərbaycanın bu məsələdə mövqeyi selektiv yanaşmaya deyil, universal hüquqi prinsiplərə əsaslanır", – deyə o vurğulayıb.
Azər Badamov deyib ki, bu gün Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar da göstərir ki, uzunmüddətli və dayanıqlı sülh yalnız dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qarşılıqlı şəkildə tanınması və suverenliyə hörmət əsasında mümkündür. Ermənistanla aparılan sülh prosesi də məhz bu prinsiplər üzərində qurulur. Regionda yaranan yeni əməkdaşlıq mühiti göstərir ki, beynəlxalq hüquqa söykənən yanaşma həm təhlükəsizliyin, həm də iqtisadi inkişafın əsas təminatıdır.
Deputat hesab edir ki, Rusiya tərəfinin Azərbaycanın mövqeyini "səhv" adlandırması Bakının müstəqil xarici siyasət kursuna təsir göstərə bilməz. Azərbaycan öz xarici siyasətini hər hansı kənar təsir əsasında deyil, milli maraqları, beynəlxalq hüququn norma və prinsipləri, eləcə də dövlətçilik maraqları əsasında formalaşdırır.
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də məhz bu ardıcıl siyasətin davamıdır və Azərbaycanın beynəlxalq hüquqa sadiqliyini, müstəqil qərar qəbul etmək iradəsini və prinsipial dövlət mövqeyini bir daha nümayiş etdirir.
İradə Cəlil, Bizimyol.info






