Argentina Prezidenti Xavyer Miley ölkə yığmasının futbol üzrə dünya çempionatının yarımfinalında İngiltərə komandası üzərində qazandığı qələbəyə Malvin (Folklend) adaları ilə bağlı ərazi mübahisəsi səbəbindən xüsusi məna yüklənməsini “ucuz populizm və millətçilik” adlandırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Miley "Mitre" radiosunun efirində danışıb.
“Başa düşmək lazımdır ki, bu, futbol oyunudur. Ucuz populist və millətçi şüarlara uymamaq, gündəmləri bir-birinə qarışdırmamaq lazımdır. Bunu Argentina millisinin baş məşqçisi Lionel Skaloni də açıq şəkildə deyib, veteranlar da eyni fikri ifadə ediblər”, – deyə bildirib.
Argentina liderinin fikrincə, ölkəsi Malvin adalarına nəzarəti “ucuz vətənpərvərlik jestləri ilə deyil, ağıllı siyasət vasitəsilə” geri qaytara bilər.
Dövlət başçısı hansı bəyanat və ya jestləri nəzərdə tutduğunu açıqlamayıb. Matçdan əvvəl Miley ilə uzunmüddətli fikir ayrılığı yaşayan Argentina vitse-prezidenti Viktoriya Vilyarruel ingilisləri “pirat-qəsbkarlar” adlandırıb və oyunun simvolik əhəmiyyətini vurğulayıb. İngiltərə üzərində 2:1 hesablı qələbədən sonra argentinalı futbolçular meydana “Malvin adaları argentinalılara məxsusdur” yazılmış banner çıxarıblar.
Cənub-qərb Atlantik okeanında yerləşən Malvin (Folklend) adaları artıq 200 ilə yaxındır ki, Argentina ilə Böyük Britaniya arasında ərazi mübahisəsinin predmetidir. 1982-ci ilin aprelində iki ölkə arasında silahlı qarşıdurma başlayıb. Argentina müharibədə məğlub olub və iki ay yarım davam edən döyüşlər zamanı 649 hərbçisini itirib. Britaniya tərəfinin itkiləri isə 255 nəfər təşkil edib.
2013-cü ilin martında arxipelaq sakinlərinin böyük əksəriyyəti keçirilən referendumda bu ərazinin Böyük Britaniyanın nəzarətində qalmasına səs verib. Argentina referendumun nəticələrini tanımayıb.
Bizimyol.info






