İran Ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəminiya bildirib ki, ABŞ İranın müəyyən etdiyi hüquqi qaydaları qəbul etməyəcəyi və razılaşmanın müddəalarına əməl etməyəcəyi təqdirdə Hörmüz boğazı bağlı qalacaq.
Bizimyol.info xəbər verir ki, İran Ordusunun sözçüsü bu açıqlamanı çərşənbə axşamı Amol şəhərində keçirilən anım mərasimində çıxışı zamanı verib.
Əkrəminiya bildirib ki, "düşmən" bir həftə ərzində İranın bütün hərbi obyektlərini məhv edəcəyini bəyan etmişdi, lakin 40 gün ərzində İran raketlərinin öz ərazisinə düşdüyünü görüb.
O qeyd edib ki, qarşı tərəf razılaşmanı pozub və Hörmüz boğazının cənubunda qanunsuz keçid dəhlizi yaratmağa çalışıb. Generalın sözlərinə görə, İran Silahlı Qüvvələri bu cəhdə qətiyyətlə cavab verib və pozuntuya yol verən gəmiləri hədəfə alıb.
"ABŞ İranın hüquqi nizamını qəbul etmədiyi və Hörmüz boğazında İranın iradəsinə əsaslanan mexanizm qüvvəyə minmədiyi müddətdə bu boğaz bağlı qalacaq", – deyə Əkrəminiya vurğulayıb.
İranlı hərbçi bildirib ki, ABŞ-nin təzyiq və təhdid siyasəti Hörmüz boğazının açılması üçün kifayət deyil. Onun sözlərinə görə, boğazın yenidən açılması üçün Vaşinqton razılaşmanın şərtlərinə əməl etməli, aqressiv siyasətdən imtina etməli və İranın müəyyən etdiyi qaydaların tətbiqini qəbul etməlidir.
Bizimyol.info






