Bahəddin Həzi ilə söhbət
– Adam istəyir, asta, sakit yerişinizə, duruşunuza, danışığınza görə sizə Bahəddin Həzin desin. Bu “həzin”liyi sizə əzablı ömür yolunuz “bəxş edib”, yoxsa fitrətən bu cür olmusunuz?
– Əslində, insan "həzin" varlıqdır. Səs-küylü adamların da bir həzin tərəfi olur. Ən azı özü ilə tək qalanda özünə etiraf edir. Əlbəttə, əgər bu qədər cəsursa, hər kəsdə həzinlik var, ancaq kiminsə səsi eşidilir, kiminsə küyü. Biz Sovet dövrünün uşaqlarıyıq. O zamankı idarəetmədə əsas metod məlum idi: hər kəs yumruğunu masaya çırpırdı, ierarxiyada özündən aşağıda olanı aşağılayırdı. Adamların üstünə qışqırmaq, hətta təhqir etmək... idarəçiliyi belə başa düşənlər, uşaqları bağçalara, məktəblərə "əti sənin, sümüyü mənim" prinsipi ilə göndərən ata-analar indi də var. Dünya süni intellekt sivilizasiyasına addımlarını atır, biz hələ də uşağı döyməklə, söyməklə (!) "tərbiyə" edirik. Efirlərə baxırsan, hamı qışqırır, cəmiyyətə çıxırsan, hamı qışqırır. Məktəbdə müəllimlə uşaq bir-birinin üstünə qışqırır. Dövlət idarəsində rəis işçilərinin üstünə qışqırır. Bax, bu cür cəmiyyətdə həzin olmaq asan deyil, ancaq mümkündür. Biz hərəmiz ən azı bir əcnəbi dil öyrənmişik. Bir-birimizlə rusca, ingiliscə, ispanca danışmağı öyrənirik, təkcə sevginin dilini öyrənməmişik. "Sevgi" deyəndə, dərhal "qadın-kişi" münasibətlərini düşünürük. Əslində isə sevgi çox geniş məfhumdur. Dövlətin vətəndaşla, qonşunun qonşu ilə, rəhbərin işçi ilə normal münasibətləri də sevgi üzərində qurulur. Oğlanlar döyüşə niyə könüllü gedə bilir? Sevdiyi ailəsini, anasını qorumaq üçün, ancaq bir çox hallarda biz bir-birimizə sevgi göstərməkdən qorxuruq.
– Sizin "Qoqol, biz və filofobiya" adlı bir esseniz vardı ("Ölümcül həqiqətlər" kitabında da var). Orda yazmısınız: bəzi hallarda dövlət vətəndaşını sevməkdən qorxur, sevgi göstərməkdən ehtiyatlanır, elə bilir, vətəndaşa sevgi göstərsə, özü zəif görünəcək.
– Cəmiyyətdə də o problem yaşanır: adamlar elə bilir, mədəni davrandıqca, əziləcək. Bir çox hallarda elə də olur. Təmiz adama əfəl kimi yanaşanlarla eyni cəmiyyətdə yaşayırıq. Şiddətin ən effektiv təsir aləti olduğuna inanmışıq. Hər şeyi də bu düşüncənin üzərində qurmağa çalışırıq. Ər xanımını döyüb, xəsarət yetirir, qızın ata-anası: "Sənin o evdən cəsədin çıxa bilər" deyib geri göndərir. Bəzən də elə dedikləri kimi də olur: o gəlinin cəsədi o evdən çıxır, ya özünü öldürür o qız, ya onu öldürürlər o evdə. Kütləvi olmasa da, belə hallar var, az da deyil. Anası qızına: "Ər döyər də, sevər də" deyir, ancaq heç sorğulamır: sevirsə, niyə döyür? Zorakılığın yayğın və hətta sayğın olduğu, zorbalığın urvatlı tutulduğu bir toplumda mənə "həzin" deyirsiniz. Mən yox, amma başqaları bunu özünə təhqir kimi qəbul edə bilər. Axı bizim cəmiyyətdə qoluzorlu, dili pozuq, səs-küylü adamlar daha çox güclü sayılır. Gücə sığınan icmalarda isə həzin, sakit tipaj deyil, qolun və pulun gücü "hörmətli" sayılır. Çox uzağa getmirəm, məsələn, elə bizim öz sahəmizdə kim çox qışqırır, onu hər yerdə necə lazımdır, "eşidirlər". Mədəni adamları bəzən heç Mədəniyyət Nazirliyi də özünə, yaxın buraxmır. Odur ki, bu cəmiyyətdə "həzin" olmağın zərəri xeyrindən çoxdur, ancaq bu cür yetişdirildik.
Cavabınızdan artıq hayqırtı eşidilir, amma bu ifadəni işlətməyimə görə peşmanlıq keçirmədim. Gəlin, müsahibəmiz başlamamış mübahisəyə keçməmək üçün (burda gülüş işarəsi təsəvvür edək) “həzin” sözünü təmkin anlayışı kimi qəbul edək.
Cəmiyyətə edilən etiraz qəlbin təlatümündən, canıyananlıqdan doğur. Sizin “səs-küy”ünüz, yəni üsyanınız da mətnlərinizdir. Bütün qüvvənizi, zirehinizi orada toplamısınız, yəni “döyüşə” hazırsınız, ona görə sakit, həzin görünə bilərsiniz.
Bəlkə də. Ancaq bu həzinliyin haradan gəlməyi maraqlıdırsa, deyim. Erkən yetim qalan uşaqlar yaşından tez böyüyürlər. Üstəlik müharibə görmüş nəslin bioloji yaşı ilə xronoloji yaşı bir-biri ilə uzlaşmır. Şəxsiyyət vəsiqəmizdəki "biz"lə həyatdakı "biz" bir-birini "tanımır", tanıya biləndə isə bir-biri ilə "yola getmir" .
– Şəxsiyyət vəsiqəsi dediniz, ortaya bir sual çıxdı: şəxsiyyəti yox, vəsiqəsi olanlarla necə yola getdiniz?
– Yol getmədik, ancaq yola getdik. Yol – getmək üçün var. Hər kəslə bir formada yola gedirik, ya da birtəhər yola veririk, ancaq hər kəslə yol getmək olmur axı.
– Əqidə anlayışı sizin izahınızda maraqlı olar...
– Əqidə dediyimiz nəsnə bizim doğrularımızdır. Elə də olur, doğru bildiklərimiz zamanla yanlış çıxır. Mühafizəkar, yenilikdən çəkinən toplumlarda əqidəni dəyişməyə pis baxılır. Məsələn, bir odioz siyasətçi var, həmişə cəmiyyətin zərərinə olan təkliflərlə, təşəbbüslərlə gündəmə gəlir, ancaq onun haqqında söz düşəndə, bu şəxsi heç sevməyənlər də deyir: "Əqidəsini dəyişmədiyinə görə hörmətə layiqdir". Yəni səhv bir yolda gedən adam ayılıb doğru yola dönsə belə, hörmətini itirir. Bu da cəmiyyətin irəliyə doğru hərəkətini çətinləşdirir. Bir vaxtlar müsəlmanlar avtomobilə "gavur icadı", "şeytan arabası" deyirdi. Sonra doğru bildiklərinin yanlış olduğunu gördülər, əqidəni dəyişdilər. Bəzi bölgələrimizdə hələ də qızların ali məktəb oxumağını deyil, tez ailə qurmasını doğru sayırlar. Bu da əqidədir – yanlışdır, dəyişməlidir, ancaq siyasi və dini çevrələrdə əqidə söhbəti bir dəyənək kimi insanların başının üstündədir. Elə əqidə var, onu dəyişməsə, insan irəli gedə bilməz. Eləsi var, tez-tez dəyişsən, irəli gedə bilməzsən, eləsi də var, ümumiyyətlə, dəyişmək olmaz. Yəni bu, insanın seçdiyi əqidəyə görə dəyişir. Əgər yanlış əqidədirsə, özünə və başqalarına zərərlidirsə, niyə də dəyişməyəsən? Bəzən mövqe ilə əqidəni də bir-birinə qarışdırırıq. Mövqe daha mütəhərrikdir. Dünən doğru bildiyin mövqe, hətta əqidə bu gün yanlış görünə bilər. Yaxud əksinə. Hə, o başqa məsələdir ki, sən əqidənin yanlış olduğunu bilə-bilə, doğru kimi təqdim edir, dəyişmək istəmirsən. Yaxud əksinə, doğru olduğu isbatlanmış əqidəni nəyinsə xətrinə dəyişirsən. Bu, artıq sorğulanan davranışdır. Məsələn, bilirsən ki, məzhəbçilik cəmiyyəti bölür, gərginlik yaradır, amma sən kor inanca görə, yaxud nəyinsə xətrinə öz yanlış əqidəndən bərk-bərk yapışmısan. Bunu necə müsbət bir cəhət kimi təqdir edə bilərik? İnanclar dəyişə bilər. Elm də inancdır. Bir vaxtlar bəşəriyyət Yerin yumru olduğuna inanırdı, sonra ellepsvari olduğu isbatlandı, dünya ona inandı. Mən bir maraqlı statistikaya rast gəlmişəm: dünyada xristianların sayı azalır, müsəlmanlar çoxalır. Ateistlər isə müsəlmanlardan da daha sürətlə artır. Ateizm özü də əqidədir. Dünyanın ən dahi ateistlərindən biri Bertran Rassel, məsələn, Allaha inanmağın doğru olmadığına inanırdı. "Mən niyə xristian deyiləm?" adlı məşhur əsərini, bax, özünün inanmamaq inancına həsr etmişdi. İnanmağı ilə deyil, inanmamağı ilə qürur duyurdu. Mən bir essemdə bunu şərh eləmişdim. Deməyim odur ki, insan əqidəsini dəyişə bilər. Baxır, niyə və necə dəyişir? Əgər insan doğru bildiyi, bağlı olduğu əqidəni (siyasi, dini və sair) şəxsi mənfəət üçün və bu kimi başqa səbəblərdən dəyişirsə, buna təbii ki, pis baxılır. Uzun sözün qısası: yanlış əqidəni doğru əqidəyə dəyişmək doğrudur, doğrunu yanlışa dəyişmək isə, təbii ki, yanlışdır.
-Əhatəli izah oldu, hətta təzədən suallar yarandı, amma buradan oyanasını oxucuların müzakirəsinə buraxaq. Daha bir sual: müasir jurnalistikada ideyası uğrunda şöhrətdən, varlı həyatdan imtina edənlər varmı?
"Şöhrət", "varlı həyat" deyəndə nəyi nəzərdə tuturuq? Bu sualın cavabından çox şey asılıdır. Şöhrəti və var-dövləti halal yolla qazanan varsa, niyə imtina etsin ki? Həm də necə imtina etsin? "Şöhrət" ordenindən imtina edə bilərsən, çünki onu sənə verirlər. Özün qazandığın sevgidən niyə və hara qaçacaqsan? "Ay camaat, məni tanımayın, sevməyin" deyəcəksən? Yox! Var-dövlət demişkən, məncə, varlı jurnalist yoxdur. Varsa da, artıq jurnalist kimi yoxdur, ya da, görünür, heç vaxt jurnalist olmayıb. Bu ölkədən söhbət gedir. Jurnalist maaşı ilə, qonorarla normal dolanmaq olmur, o da ola varlanmaq? Əslində, jurnalistlər ən kasıb təbəqələrdən biridir, ancaq, ümumiyyətlə, "varlı-kasıb" bölgüsü nisbidir. Məsələn, Yamaykalı bəstəkar-müğənni Bob Marli deyirdi: "Bəzi adamlar o qədər kasıbdır ki, puldan başqa heç nəyi yoxdur".
- Bahəddin Həzi ömrünü hansısa mərhələlərə bölürmü?
– Dünyaya gələndən sonra və dünyadan getməzdən əvvəl. Bölgü aparsaq, çox bölmək lazım gələcək. Sonra "toplamaq" çətin olar. Əskində Dünyaya üç dəfə gəlmişəm: biri birinci dəfə, ikisi "ikinci dəfə". İki dəfə real ölümün pəncəsindən qurtulmuşam.
– Neçə yaşınız var soruşsam, cavab üçün hansı hadisələrə qayıdacağınızı bilirəm... Sualı belə qoyaq: doğmaların göz yaşlarından doğulduğunuz yaşda özünüzü necə hiss edirsiniz?
Nə vaxtsa, çaşıb bir "şeir" qaralamışdım. Orda belə bir bənd var idi:
"Bu yayın cırhacırında
ömrümün qışına bax!
Yaşımı bilmək istəsən,
gözümün yaşına bax..."
İnsan yaşadığı müddətdə nəyə sevinib, niyə ağlayıb və kimi ağladıb – bu sualların hamısının cavabı göz yaşında yazılıb. Özümüzün və özgələrin gözlərinin yaşında. Ömür – insanın göz yaşına düşən şəklidir. Dünyaya gələndə biz ağlamışdıq, dünyadan gedəndə bizi ağlayacaqlar. O aralıqdakı vaxt isə göz yaşımızda durulur, ya da bulanır - axır. Sevdiyimiz-sevindirdiyimiz, küsdüyümüz-küsdürdüyümüz adamların göz yaşlarında yaşayırıq biz. Vurulanda öncə gözlərə vuruluruq, düşəndə də gözdən düşürük. Gözlər o qədər ucadır ki! Nə vaxtsa yazmışdım: "Ən dəhşətli boşluq - sənə sevgi ilə baxan gözləri itirməkdi".
– “Söz sevginin sənətidir, yazarlıq vicdan işidir” deyirsiniz, bəs vicdanı sakit və üsyankar kimi növlərə ayırmaq mümkündürmü?
– Vicdan – səssiz daxili üsyanın bayırdakı adıdır, çünki ətrafdakı nə ilə razılaşmırsansa, birinci özünə üsyan edirsən. "Mən bu haqsızlığa niyə susuram?!" deyə özünü sorğulayırsan. Sakitcə, için-için. Özünə qalib gəldinsə, öz içindəki, müqaviməti qıra bildinsə, deməli, bayır dünyada qələbənin yarısını qazandın artıq. Müharibədə qəhrəmanlıq edənlər əvvəlcə qələbəni öz içində qazanıb. Öz qorxularını yenib, öz baryerlərini aşıb, öz "bəlkə"lərini susdurub. Əslində, döyüşdə qazanılmış qələbə əsgərin içindəki qələbənin bayıra çıxardığı təntənənin rəsmidir. İnsanın özü ilə savaşı başqası ilə savaşından daha ağır və ağrılı olur. İnsanın ən ağır məğlubiyyəti də özünə uduzmağıdır.
– Müasir mətbuatdakı əyər-əskiklərin hamısını olmasa da bir qismini sadalaya bilərsiniz?
– İndiki mətbuatda çatışmayan – mətbuatın özüdür. Mediada əsas məktəb – qəzetdir. Ağıllı millətlər qəzeti əbəs yerə yaşatmır ki! Ən azı onlarla ölkə sadalayaram ki, orada qəzetlərin tirajı artır. İqtisadiyyatlar işləyir və azadlıq var deyə reklam bazarı böyüyür. Buna görə tirajlarını havayı paylayan qəzetlər var. Biz qəzeti öldürdük, məktəbin qapısını qıfılladıq. İndi deyirik ha, kino yoxdur. Pul yoxdur?! Pul əvvəl də yox idi. Kino ona görə yoxdur ki, artıq o əvvəlki teatr yoxdur. Əsl aktyor teatrda yetişir. Əsl jurnalist qəzetdə yetişir. Mən belə düşünürəm. Qüsurlarımız çoxdur. Düzəlməyi də yoxdur, çünki əsas olan qüsurların kökünə getməkdir. Ora isə getmək olmur. Yol "minalanıb".
– Bəs publisistika janrındakı mətnlərdə hansı çatışmazlıqları xüsusi vurğulayardınız?
– Məncə, yazılardakı çatışmazlıqlardan çox, elə yazı çatışmazlığının özündən danışmaq lazımdır.
- Publisist yazılarına görə fərqlənən gənclər varmı, onları oxuyursunnuzmu və kimlərin adını çəkərdiniz?
-Yaxşı yazanlar var. Biri Günel Musa, biri Siz.
-Bu etimadı doğrultmaq da var... məsuliyyət hissimi artırdığınız üçün təşəkkür edirəm.
Jurnalistin nüfuzunu qorumaq, peşənin adına xələl gəlməməsi üçün konkret tövsiyələrinizi eşitmək istəyirik.
-Əvvəl jurnalistin nüfuzunu qaldırmaq lazımdır, sonra qorumaq. Jurnalistin nüfuzunu qaldırmağın və qorumağın bircə yolu var: həqiqətə dözmək.
– “... sənin əlindəki silah atəş açmır, çünki qələmdir” yazan jurnalisti məhz o qələmin “açdığı atəşə” görə ölümə atıblar. Qələmə soyuq silah deyə bilərikmi?
– Qələmə "silah" adını mən verməmişəm. Qələm – söz anlayanlara, sözdən anlayanlara qələmdir, yerdə qalan hər kəsə tuşlanmış silahdır.
– Özü üçün güllə istəmək cəbhədə çətindir, yoxsa seçdiyi peşədə?
– Seçdiyim sənətdə güllə istəməyə gərək qalmır: həmişə lülənin qarşısındasan.
– Mixail Bulqakovdan sitat gətirmisiniz ki, arzularınızdan ehtiyatlı olun, onların çin olmaq kimi xasiyyəti var. Sizdə necə, arzularınız üzüyoladır, yəni çin olur, yoxsa ayağını dirəyib yerindən tərpənmir?
– Bir var, şəxsi arzular, bir də var, ictimai arzular. Mənim şəxsi arzularımın da, ictimai arzularımın da çoxu çin olmadı... amma iki arzum çin olub; Azərbaycanı müstəqil görmək, Qarabağı azad görmək. Bunlar da ki hamının arzusu idi.
– Yenidən həyata qayıdan Bahəddin Həzi özü kimə (kiməsə) təzədən həyat verməyə hazırdır?
– Elə adamlar var, yenidən həyat verməyə dəyər, buna ehtiyacı var, ancaq bizim o həyatı verməyə gərək imkanımız çatsın. Elə insan var, bacarırsansa, yenidən həyat verərsən, elə insanlar var, düşünmədən həyatını verərsən. Baxır, kimin nə zaman, nəyə və niyə ehtiyacı var.
– “Biz təkcə dərsdən qiymət almırıq, qiymətdən də dərs alırıq”. Aforizmə çevrilmiş bu fikrinizi “nədən dərs almısınız” formasında sual kimi özünüzə verək...Bu günlərdə Sizinlə görüş keçirildi, bu, Sizə verilən qiymət idi, qiymətiniz Sizi sevənlərin ürəyincə oldu, oxucu eqoistliyi ilə qiymətinizdən özünüzün razı qalıb-qalmadığınızı soruşmuruq, çünki belə görüşlərdən özümüz faydalanmağa üstünlük veririk. Yəqin, iştirakçılar da razılaşarlar ki, bu cür görüşlərə həmişə ehtiyac duyulur.
– Görüşü Siz apardınız. Sizə gec də olsa, təşəkkür edirəm. Diqqətli oxucusunuz. Ən çox mənə xoş gələn nüanslar - esselərdən seçdiyiniz hissələri oxumağınız və onlara verdiyiniz şərhlər idi. Bilirsiniz, şairlərin işi asandır; şeirlərini oxuyub özünü məclisə təqdim edir, hətta bacarırsa, sevdirir. Bizim işimiz o baxımdan ağırdır: bütün esseni, ya hekayəni, romanı oxuyası deyilsən axı! Ona görə də Sizin seçmə fikirləri səsləndirməyiniz çox maraqlı yenilikdir.
-“Bəzi suallar cavabsız da gözəldir” – haqlısınız, ona görə də gözəlliyi qoruyaq. Daha sual vermirik, bəzi cavablarınız da sualsız qalsın... amma vaxt ayırdığınıza, həmişəki kimi sadəlik göstərdiyinizə görə təşəkkürsüz yekun olmasın. Səmimi, maraqlı söhbət üçün minəttdarıq.
Siz sağ olun. Var olun.
Pərvanə Bayramqızı






