İyulun 16-na keçən gecə ABŞ və İran arasında qarşılıqlı hərbi zərbələr davam edib, döyüş əməliyyatlarının coğrafiyası daha da genişlənib.
Bizimyol.info xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranda yerləşən hərbi obyektlərə növbəti yüksək dəqiqlikli zərbələrin endirildiyini açıqlayıb.
Hücumların hədəfi komanda mərkəzləri, hava hücumundan müdafiə mövqeləri, raket və pilotsuz uçuş aparatları ilə əlaqəli obyektlər, eləcə də sahil müşahidə sistemləri olub. Zərbələr, o cümlədən Bəndər-Abbas bölgəsindəki hədəfləri əhatə edib.
İran mənbələrinin məlumatına görə, hərbi Pərçin kompleksinin yaxınlığında da partlayışlar baş verib. Bundan əlavə, İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus Çabahar, Rəsk, Əhvaz şəhərlərində və Sistan-Bəlucistan əyalətində yerləşən "Əhmədrza" sərhəd-keçid məntəqəsi yaxınlığındakı obyektlərin də vurulduğu bildirilir.
İran tərəfi hava hücumundan müdafiə qüvvələrinin Xuzistan əyaləti üzərində ABŞ-a məxsus "MQ-9 Reaper" kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını vurduğunu bəyan edib.
Eyni zamanda, İranın İordaniyadakı ABŞ hərbi bazalarına raket zərbələri endirdiyi barədə məlumatlar yayılıb. Ərəb KİV-ləri Ərbildə yerləşən ABŞ obyektlərindən birinin də hədəfə alındığını yazsa da, bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Bundan başqa, İslam İnqilabı Keşikçiləri Korpusu Küveyt və İordaniyada yerləşən ABŞ obyektlərinə də zərbələr endirildiyini açıqlayıb.
Bizimyol.info






